Bank Of Baku

Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü qeyd olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü qeyd olunub
# 12 noyabr 2014 09:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında Bayraq Günü və Konstitusiya günü münasibətilə tədbir keçirilib.

 

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlanıb. Daha sonra isə tələbələrin hazırladığı slaydlar vasitəsilə dövlət atributu olan bayraq barədə təqdimat olub.

 

Akademiyanın İqtisadiyyat fakültəsinin tələbəsi Şirin Məmmədovun hazırladığı təqdimatda Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqları, onların yaranması barədə məlumat verilib. Slaydlar vasitəsilə auditoriyaya əyani şəkildə göstərilən bayraqlar, onların üzərindəki simvollar barədə məlumat verən tələbə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət atributu olan, üzərində aypara və səkkizguşəli ulduzun həkk olunduğu bayraqdan bəhs edib.

 

Təqdimatda o da vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan Azərbaycan SSR-in bayrağı 5 dəfə dəyişdirilsə də üçrəngli milli bayrağımız xalqımızın qəlbində hər zaman yaşayıb. Təqdimatda müasir Azərbaycanın qurucusu, Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli milli bayrağımızın ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandığı, nəticədə 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edildiyi xüsusi vurğulanıb.

 

Təqdimatda Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrinin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyi, hər il 9 noyabr tarixinin Dövlət Bayrağı günü kimi qeyd olunmasının, Dövlət Bayrağı Meydanının tikilib istifadəyə verilməsinin və burada dünyada ən hündür bayraq dirəyinin ucaldılmasının bunun bariz nümunəsi olduğu qeyd edilib.

 

Hüquq fakultəsinin tələbəsi Amal Əliyevin Konstitusiya gününə həsr olunan təqdimatı da slaydlar vasitəsilə dinləyicilərə təqdim olunub. A. Əliyev dünya tarixində ilk şifahi və yazılı qanunların necə yaranmasından, Azərbaycan ərazisindəki dövlətlərin qanunlarından, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsindən və Azərbaycan SSR konstitusiyasından, Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və xalqın müzakirəsinə verildikdən sonra 1995-ci ilin noyabr ayının 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Konstitusiyasından ətraflı bəhs edib. O, 1996-ci ilin fevralın 6-da H. Əliyevin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin əsas qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğulayıb.

 

Hər iki təqdimat tədbirdə iştirak edən DGK rəhbərliyi və tələbələr tərəfindən alqışlarla qarşılanıb. Tələbələr qarşısında çıxış edən DGK sədrinin müavini Şahin Bağırov hər iki əlamətdar günün qeyd edilməsi münasibəti ilə keçirilən tədbirin bu şəkildə təşkil edilməsi barədə təşəbbüsün tələbələrdən gəldiyini qeyd edərək təşəbbüsü bəyəndiyini bildirib. Tələbələrin hazırladığı təqdimatın uğurlu alındığını qeyd edən Komitə sədrinin müavini bunu tələbələrin vətənə, dövlətə, onun əsas atributu olan bayrağa hörmət və məhəbbətinin nümunəsi olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR