Nazirlər Kabineti “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, dövlət zəmanəti üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü maliyyə öhdəliklərini çevik və səmərəli idarə etmək və vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə Fondun manat və ya maliyyə öhdəliyinə xidmət edən digər valyuta növündə hesabları yaradılır.
Əsas borcalandan alınan haqqın miqdarı verilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla, Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Qüvvədə olan Qaydaya əsasən indiyə qədər əsas borcalandan alınan haqqın miqdarı ümumi zəmanət məbləğinin 5 faizindən çox ola bilməz. Dəyişikliyə əsasən əsas borcalandan alınan haqqın minimum həddi müəyyənləşdirilib. Bu, ümumi zəmanət məbləğinin 0,5 faizindən az olmamalıdır. Başqa sözlə, əsas borcalandan alınan haqqın miqdarı verilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla, Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və ümumi zəmanət məbləğinin 0,5 faizindən az və 5 faizindən çox ola bilməz.
İndiyə qədər Fondun vəsaitləri yüksək reytinqli banklarda, borc öhdəliklərinin valyuta strukturuna uyğun olaraq müvafiq valyuta hesablarında yerləşdirilib və bu zaman likvidlik və risklər nəzərə alınıb. Dəyişikliyə əsasən bundan sonra Fondun vəsaitləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin valyuta strukturuna uyğun olaraq, nüfuzlu beynəlxalq reytinq agentlikləri (Standard & Poor's, Fitch Ratings, Moody's, bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində yerləşən banklarda, habelə Azərbaycan Respublikasında bank lisenziyasına malik və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan banklarda depozitlərə (tələbli və müddətli) və ya bu banklar tərəfindən buraxılmış borc kağızlarına yerləşdiriləcək.