Bu gün Milli Məclisin plenar iclasında “Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, layihədə Azərbaycanda dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə, qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması sahəsində mübarizənin gücləndirilməsi məqsədilə müvafiq maddələrin sanksiyalarının sərtləşdirilməsini nəzərdə tutur.
Belə ki, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etməyə görə üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etməyə görə üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad etməməyə görə vəzifəli şəxslər əvvəlki kimi bir ilədək deyil, iki ilədək müddətə islah işləri cəzalandırılacaq. Sonuncu qayda pozuntusuna görə, vəzifəli şəxslər həm də üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Həmçinin, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə əsasən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməməyə görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni zamanda, dəyişikliyə əsasən bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək (hazırda 4 ildən 8 ilədək) müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəlləyə dəyişikliklər bununla da yekunlaşmır. Belə ki, müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması nəticəsində bu Məcəllənin 222.1-ci, 222-1.1-ci və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmamasına görə vəzifəli şəxslər iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda vəzifəli şəxsin üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə səsə qoyularaq qəbul edilib.