Bank Of Baku

DSMF sədri: “2015-ci ilin büdcəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacaq”

DSMF sədri: “2015-ci ilin büdcəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacaq”
# 24 dekabr 2014 07:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il büdcəsi ölkəmizdə davamlı makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edir. “APA-Economics”in məlumatına görə, bunu DSMF-nin növbəti il üçün büdcəsi ilə bağlı açıqlamasında qurumun sədri Elman Mehdiyev deyib.

 

DSMF sədri məlumat verib ki, fondun 2015-ci il üçün büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 mlrd. 56 mln. 285 min manat səviyyəsində nəzərdə tutulur ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 mln. manat və ya 4,4% çoxdur.

 

E. Mehdiyevin sözlərinə görə, xərclərin qeyd edilən artımı əmək pensiyası üzrə 121,9 mln. manat, müavinətlər üzrə  5,5 mln. manat və digər xərclər üzrə isə 0,4 mln. manat təşkil edir. Fondun büdcəsinin gəlirlər hissəsindəki dəyişikliklər isə məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə 169,8 mln. manat artımdan və dövlət büdcəsinin transferti üzrə 42 mln. manat məbləğində azalmadan ibarətdir. E. Mehdiyev bu əsasda fondun 2015-ci il üçün büdcəsində nəzərdə tutulan xərclər üzrə artımın və dövlət büdcəsi transferti üzrə azalmanın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını diqqətə çatdırıb.

 

Qurumun rəhbəri vurğulayıb ki, fondun növbəti il üçün gəlirlərinin 64%-ini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 36%-ə enəcəkdir.

 

E. Mehdiyev fondun 2015-ci ildə qeyri-büdcə üzrə gəlirlərinin artımının xüsusilə hədəfə alındığını qeyd edərək, həmin sahədən daxilolmalar üzrə cari ilin proqnozu ilə müqayisədə 11,7% artımın nəzərdə tutulduğunu bildirib. Bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olmaqla yanaşı, həmin hədəfə sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırılması hesabına nail olunacağı vurğulanıb.

 

DSMF-nin 2015-ci il üçün xərclərinin 97,8%-i və ya 2 mlrd. 989,2 mln. manatı əhaliyə ödənişlərə, 2,2%-i və ya 67,1 mln. manatı isə digər xərclərə  yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,4%-ni və ya 2 mlrd. 910,5 mln. manatını pensiya xərcləri, 2,6%-ni və ya 78,6 mln. manatını isə müavinət xərcləri təşkil edəcəkdir.

 

Fond sədrinin sözlərinə görə, 2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 mlrd. 536,5 mln. manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 18 mln. manat çoxdur. Əmək pensiyalarının sığorta hissəsinin ödənilməsi üçün nəzərdə tutulan məbləğ 1 mlrd. 374 mln. manat təşkil etməklə cari ilə nisbətən 8,2% və ya 103,9 mln. manat artıqdır. Bu artım pensiya məbləğlərinin 2015-ci ilin yanvarın 1-dən inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, habelə qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

 

Növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin 20,0 mln. manat təşkil etməklə cari ilin büdcəsinə nisbətən 0,7 mln. manat artıq nəzərdə tutulur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər isə 19,1 mln. manat təşkil edəcəkdir. DSMF-nin aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 2015-ci il üçün 26,2 mln. manat təşkil edəcəkdir.

 

2015-ci ildə beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 40 min manat, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üzrə tədbirlər planının icrası ilə bağlı  1,5 mln. manat məbləğində vəsait büdcədə nəzərdə tutulur.

 

Sonda E. Mehdiyev DSMF-nin 2015-ci il üçün büdcəsinin pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacağını vurğulayaraq qeyd edib ki, bu həmçinin növbəti mərhələdə, yəni 2020-ci ilə qədər olan dövrdə, Azərbaycan prezidentinin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq müəyyən edilmiş əsas prioritetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR