Dünya Bankı (DB) MDB-nin neft ixrac edən ölkələrinə iqtisadiyyatın şaxələndirilməsi tədbirlərini sürətləndirməyi tövsiyə edib.
“APA-Economics”in məlumatına görə, bu, Dünya Bankının yanvar ayında dərc etdiyi “Global Economics Prospects” adlı hesabatda öz əksini tapıb.
“İri neft ixracatçıları olan ölkələr iqtisadiyyatın şaxələndirilməsi tədbirlərini həyata keçirməsələr, zəif iqtisadi artıma görə ziyana düşə bilərlər. Məsələn, Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistan iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı ortamüddətli strategiyanı həyata keçirməsələr, zəif iqtisadi artıma görə ziyana düşə bilərlər”, - deyə hesabatda qeyd olunub.
DB-nin analitiklərinin fikrincə, neft ixrac edən bəzi ölkələr “Azərbaycan, Anqola, Boliviya, Qazaxıstan, Malayziya, Nigeriya, Rusiya, Sudan və Türkmənistan dünya bazarlarında neftin ucuzlaşması şəraitində 2016-2017-ci illərdə milli valyutaların məzənnəsini dəstəkləyən aktiv siyasət yürüdüblər. Bundan başqa, hesabat dövründə Azərbaycan, Anqola, Kolumbiya, Qana, Qazaxıstan, Nigeriya, Rusiya və digər ölkələr yüksək inflyasiyaya cavab olaraq uçot dərəcəsini yüksəldib.
Məlumatda vurğulanıb ki, valyuta ehtiyatlarının azaldığı şəraitdə bəzi ölkələr o cümlədən Azərbaycan çevik məzənnə siyasətinə keçib: “Bundan başqa, Azərbaycan öz valyuta ehtiyatlarının bir hissəsini kommersiya banklarında yerləşdirməyə başlayıb”.
Hesabatda qeyd olunub ki, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna və Özbəkistan iqtisadi sabitlik üçün dövlət vəsaitlərindən aktiv istifadə etməklə problemli banklara dəstək olub.