Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə DB-nın Azərbaycanda həyata keçirdiyi 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ətrafında müzakirələr aparılıb. Strategiyanın hazırlanmasında Azərbaycan tərəfinin fəal rol oynadığını vurğulayan H.Kerali ötən 2 il üzrə aralıq hesabatının hazırlanacağını və növbəti 2 il üçün strategiyanın əsas prioritetlərinin müəyyən ediləcəyini bildirib.
Bununla yanaşı, görüşdə Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin DB tərəfindən dəstəkləndiyi vurğulanıb.
Görüş zamanı Azərbaycan hökuməti ilə DB arasında səmərəli və işgüzar əlaqələri yüksək qiymətləndirilib, cari layihələr, o cümlədən, Birgə İqtisadi Tədqiqatlar Proqramının qəbulu ətrafında fikir mübadiləsi aparılıb.