Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Çingiz Tağıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara əsasən, hər 3 ildə bir dəfədən az olmayaraq ölkədə yaşayış minimumu, o cümlədən istehlak səbətlərinin tərkibinə yenidən baxılmalı və təsdiqlənməlidir. Azərbaycanda isə istehlak səbətlərinin tərkibi sonuncu dəfə 2009-cu ildə müəyyənləşdirilib və indiyədək buna yenidən baxılmayıb. Halbuki səbətin tərkibinə baxmaq üçün kifayət qədər əsas var.
«Danılmazdır ki, Azərbaycan inkişaf edir, onun maliyyə imkanları artır. Qüvvədə olan yaşayış minimumu isə az qala fizioloji normalara (insanın normal fəaliyyət göstərməsi üçün tələb olunan enerjini təmin edən həddə) bərabərdir. Maddi vəziyyət yaxşılaşdıqca isə buradakı malların və xidmətlərin çeşidi də artmalıdır», - deyə Ç.Tağıyev bildirib.
Şöbə müdiri qeyd edib ki, istehlak səbətində insanın qidalandığı müxtəlif ərzaq növləri arasında balans olmalıdır: «Burada yağlar, zülallar və hidrokarbonatların balansı olmalıdır. Məsələn indi qüvvədə olan normalara görə, əmək qabiliyyətli şəxslər üçün istehlak səbətində illik çörək istehlakı 135 kq nəzərdə tutulub. Amma xarici ölkələrdə çörək az istifadə olunur, xaricdəki ərzaq normalarında ət, yumurta, süd məhsulları, tərəvəz və s. daha çoxdur. Onları başqa məhsullar əvəz edir».
Ç.Tağıyevin sözlərinə görə, istehlak səbətində dəyişiklik qeyri-ərzaq məhsullarına da aid olmalıdır: «Məsələn, normaya görə, adi dəsmalın 8 il istifadə olunması nəzərdə tutulub, halbuki ekspertlərin fikrincə, bu müddətdə dəsmalın üstündə o qədər bakteriya toplanacaq ki, ondan heç cür istifadə etmək olmaz. Eləcə də kostyumu 5-6 il geyinmək mümkün deyil, əvvəla dəb dəyişir, ikincisi, paltar keyfiyyətini itirir. Ona görə də belə əşyalardan istifadə müddətləri azaldılmalıdır».
Bundan başqa, istehlak səbətində nəqliyyat xərclərinə də yenidən baxılmalıdır. Bu gün Bakıda insanlar bir məntəqədən digərinə çatmaq üçün adətən 2-3 avtobus və ya metro dəyişməli olur. İstehlak səbətində isə yalnız bir dəfə gediş və bir dəfə gəliş nəzərdə tutulur. Ekspertin sözlərinə görə, dəyişikliklər istehlak səbətinə daxil olan gündəlik tələbat malları və uşaqlar üçün mallara da aid olmalıdır.
Ç.Tağıyev bildirib ki, bugünkü reallıqları və həyat səviyyəsini nəzərə almaqla istehlak səbətinə əlavə mal və xidmətlər də daxil edilməlidir. Bu, mədəniyyət və idman xərcləri, eləcə də mobil rabitə ödənişləridir: «Bugünkü normativlərdə insanların mənəvi və mədəni inkişafı üçün heç nə nəzərdə tutulmayıb. Teatr, kino, sərgilərə getmək, kitabların alınması və s. xərclər yoxdur. Halbuki bunlar insanların mədəni səviyyəsinin yüksəlməsi üçün çox vacibdir».
Digər bir tələbə əsasən, istehlak səbətinin dəyəri müəyyənləşdiriləndə burada nəzərdə tutulan mal və xidmətlərin orta bazar qiyməti nəzərə alınmalıdır: «Çünki hər malın keyfiyyəti və digər göstəricilərdən asılı olaraq bir neçə növü var və onların qiymətləri arasında cidd fərq olur». Azərbaycanda isə minimum istehlak səbəti müəyyənləşdiriləndə orta qiymət deyil, əhalinin ən çox istifadə etdiyi malların qiyməti əsas götürülür ki, bu da adətən orta qiymətdən aşağı olur və son nəticədə istehlak səbətinin qiymətini də aşağı salır.