Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidməti orqanları psixotrop maddə və narkotik vasitə aşkar olunaraq götürüb.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Nemət Sultanov gömrük nəzarətindən keçən zaman ondan hər bir konvalyutda 20 ədəd həb olmaqla 5 konvalyut “Clonazepam 2” adlı dərman preparatı aşkar edilib.
Bundan başqa, N.Sultanovunəl yüklərinə baxış zamanı yuyucu toz qutusunun içərisindən 1 ədəd bükümdə, xalis çəkisi 48,5 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Xatırladaq ki, vətəndaş N.Sultanovdan aşkar edilən “Clonazepam 2” adlı dərman preparatı “Azərbaycanın ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və 100 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir.
Faktla bağlı təhqiqat aparılır.