Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Kamerun Gömrük İdarəsinin baş direktoru Li Likeng Minettenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə görüşüb.
“APA-Economics”in məlumatına görə, qonaqlar görüşdən əvvəl Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyublar. Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də anılıb.
A. Əliyevlə görüşən nümayəndə heyəti iki ölkə arasındakı münasibətlərdən danışıblar.
A. Əliyev Azərbaycanla Kamerunun gömrük nümayəndə heyəti arasında ilk görüşün 1995-ci ilə təsadüf etdiyini vurğulayıb. O, növbəti görüşün isə iki ölkə arasında ilk dövlət əhəmiyyətli görüş olduğunu deyib: “Hazırda iki ölkə arasında iqtisadi, xarici ticarət əlaqələri demək olar ki, yoxdur. Amma iqtisadi əlaqələr qurulmaq üzrədir. Gömrük iki ölkə arasında sərhəd rolunu oynayır və mən çox şadam ki, ölkələrimiz arasında əlaqələr məhz bu sahədən başlayır”.
Azərbaycanda gömrüyün tarixi barədə məlumat verən A. Əliyev bildirib ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycan gömrüyünün statusu maddi-texniki təchizat məsələsində fərqlidir: “Azərbaycanda gömrük xidmətinin rəhbərliyi hüquq-mühafizə orqanı olmaqla yanaşı, hökumətin üzvüdür. 2009-cu ildən vahid pəncərə sistemi tətbiq olunur və sərhəddə fəaliyyət göstərən bir çox nəqliyyat xidmətləri, fitosanitar nəzarət gömrük orqanları tərəfindən həyata keçirilir. Büdcədən kənar Gömrük İnkişaf Fondu yaradılıb və biz büdcədən yalnız maaş alırıq. Fondun 25%-I gömrük əməkdaşlarının əmək haqqına əlavə olaraq bonus şəklində onlara verilir. Bu isə orta hesabla məvacibimizin 210 faizi qədər əlavədir”.
A. Əliyev DGK-ya üç təsərrüfat hesablı qurumun - Mərkəzi Gömrük Hospitalı, Azterminal Kompleksi və Kinoloji Mərkəzin də daxil olduğunu deyib: “Hospitalda bütün gömrük əməkdaşları üçün xidmət pulsuzdur. Azterminal Kompleksin fəaliyyətinə isə xaricdə tədbirlər təşkil etmək və təşviqat işləri daxildir. Təsərrüfat hesablı kinoloji xidmət mərkəzi isə bir çox xarici ölkələrlə əməkdaşlıq edir və hazırda mərkəzə beynəlxalq status verilməsi məsələsi müzakirə olunur. Oradan Monqolustan, Türkiyə, Gürcüstan, Toqo, Qırğızıstan, Bolqarıstan və digər ölkələr üçün hazırladığımız itlər göndərilib. Təlim nəticələri yüksəkdir, çünki bizim itlər Avropa çempionu olub. Narkotik axtarışı üzrə ikinci yerə çıxıblar. Hazırda Qabon üçün itlər hazırlanır”.
Komitə sədri Gömrük Risklərinin İdarə Edilməsi mərkəzi üçün Gürcüstan, Rusiya və digər ölkələrin müraciət etdiyini, Kamerunla da bu və digər sahələrdə əməkdaşlıq edə biləcəklərini deyib.
Li Likeng Minette isə bildirib ki, Azərbaycan təcrübəsini öyrənmək üçün Azərbaycana müraciət edib: “Bu əməkdaşlıq görüşünü təşkil etdiyiniz üçün hökumətinizə minnətdarıq. Kamerun hökuməti gömrüyün müasirləşdirilməsi məsələsinə böyük önəm verir. Bu sahədə təcrübə mübadiləsinə peşəkar əməkdaşlarımız dəstək olacaq. Təcrübənizdən yararlanmaq üçün sizin fəaliyyətinizlə tanışlıq böyük önəm kəsb edir. Kamerun Gömrük İdarəsi böyük islahatlar ərəfəsindədir və sizin təcrübənizə ehtiyacımız var. Güman edirik ki, sizin dəstəyiniz böyük töhfələr verəcək”.