Bank Of Baku

Kollektor agentliyi: «Borcların qaytarılması üçün ən təsirli üsul Azərbaycandan xaricə çıxışa qadağa qoyulmasıdır»

Kollektor agentliyi: «Borcların qaytarılması üçün ən təsirli üsul Azərbaycandan xaricə çıxışa qadağa qoyulmasıdır»
# 28 mart 2013 08:23 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Problemli borcların yığılması zamanı borclu vətəndaşlara qarşı görülən ən təsirli tədbir onların xaricə getməsinə qadağa qoyulmasıdır. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycanın ik və yeganə kollektor şirkəti  - «BOA» kollektor agentliyinin direktoru Samir Mustafayev bildirib.

 

Onun sözlərinə görə, agentlik problemli borcların yığılması üçün yalnız qanunvericilikdə nəzərdə tutulan üsullardan istifadə edir: «Yəni, qanun hansı üsullara yol verirsə, onlardan istifadə edirik. Biz sadəcə öz müştərimizin qanuni tələblərini qanunvericilik çərçivəsində yerinə yetiririk. Bizim fəaliyyətimiz ümumilikdə məhkəmələrdəki işlərin öyrənilməsi, müxtəlif dövlət qurumları vasitəsilə borclu şəxslərin tapılması, borcun ödənilməsi üçün mövcud olan hüquqi imkanların araşdırılması və yerinə yetirilməsi və s. ibarətdir».

 

S.Mustafayev bildirib ki, mövcud qanunvericilik ölkədə kollektor agentliklərinin məhsuldar fəaliyyətinə imkan verir: «Demək olmaz ki, indiki qanunvericilikdə hər şey nəzərdə tutulub, amma ümumilikdə təsirli üsulların tətbiqinə və borcların yığılmasına imkan verir».

 

Borclu şəxsdən borcun geri alınması prosesini şərh edən agentlik rəhbərinin sözlərinə görə, ilk növbədə həmin şəxsin evinə zəng edilir və bu barədə məlumat verilir, borcu qaytarmaq tələb edilir: «Əgər bu kömək etmirsə, onun iş yeri varsa, iş yerinə məktub göndəririk ki, bu işçinin borcu var və borcun qaytarılması üçün ona təsir olunsun».

 

S.Mustafayev qeyd edib ki, həmin şəxs bu üsullara baxmayaraq borcunu ödəməkdən imtina edirsə, məhkəməyə verilir: «Məhkəmənin müvafiq qətnaməsi alınandan sonra Ədliyyə Nazirliyinin İcra İdarəsinin əməkdaşları ilə birlikdə onun evinə və ya iş yerinə gedilir, qətnamə göstərilir, ona banka borcunun olduğu xatırladılır və ondan qətnaməni icra etmək tələb olunur».

 

Kollektor agentliyinin rəhbəri borcun geri alınması prosesində təzyiq üsullarından istifadə edilmədiyini bildirir: «Hətta borclu şəxsin evinə də bir dəfədən artıq zəng etmirik – bircə dəfə deyirik ki, borcu ödəmək lazımdır. Ödəmirsə, məhkəmə proseduralarına başlayırıq».

 

Bəzi borclular ilk zəngdən sonra dərhal borcunu ödəyir, bəzilərini isə borcunu ödəməyə məcbur etmək çox çətin olur.

 

S.Mustafayevin sözlərinə görə, bəzən borclunu ümumiyyətlə tapmaq mümkün olmur, həmin şəxs ölkədə olmaya bilər. Ona görə də məhkəmə qərarı çıxarıldıqdan sonra belə halların qarşısını almaq üçün məhkəmə yolu ilə həmin şəxsin ölkədən çıxışına məhdudiyyət də qoyula bilər. Təcrübə göstərir ki, borcun qaytarılması üçün ən təsirli üsul da borclunun ölkədən çıxmasına qadağa qoyulmasıdır: «Borcluya ən ciddi təsir edən üsul ölkədən çıxış-girişin bağlanmasıdır. Çünki Azərbaycandan Rusiyaya və ya digər qonşu ölkələrə gedib-gələnlər çoxdur. Borclulardan çoxu o qədər də imkanlı adamlar deyillər və Rusiyaya işləməyə gedirlər. Buna görə də belə şəxslər vəziyyəti o həddə çatdırmırlar ki, onların ölkədən sərbəst çıxmasına məhdudiyyət qoyulsun və aeroportda saxlanılsınlar. Belə qadağa qoyulan kimi, dərhal borclarını ödəyirlər».

 

Agentlik rəhbəri borcların yığılması üçün yeni üsulların axtarıldığını da bildirib: «Biz bunun üzərində işləyirik. Hətta bir neçə əlavə işçi götürmüşük ki, qanunvericilik çərçivəsində borcların alınması üçün yeni üsullar araşdırıb müəyyənləşdirsinlər».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR