Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Nazirliyi tərəfindən kapital çatışmazlığı əsas gətirilərək lisenziyası dayandırılmış “Başak-İnam” sığorta şirkəti kapitalını artırmağa başlayıb.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Başak-İnam Sığorta Şirkəti” ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini qeydə alıb.
Emissiyanın şərtlərinə görə, şirkət hər birinin nominal qiyməti 200 manat olmaqla 5 000 səhm, yəni ümumilikdə 1 mln. manatlıq səhm buraxacaq.
Emissiyanın anderrayteri qismində “Çelsi Kapital” MMC çıxış edir.
Xatırladaq ki, “Başak-İnam Sığorta Şirkəti”nin səhmdarlarının noyabrın 7-də ümumi yığıncaqda səhmdarlar nizamnamə kapitalının artırılması məsələsini müzakirə edərək şirkətin nizamnamə kapitalını 6 mln. manatdan 9 mln. manatadək qaldırılmasına qərar veriblər. Belə ki, şirkətin nizamnamə kapitali cari ildə 7 mln. manata, 2015-ci il ərzində 8 mln. manata, 2016-cı ildə isə 9 mln. manata çatdırılacaq.