2018-ci il aprelin 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 15,5 mln. manat təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, fevral ayı ilə müqayisədə 19,3% və ya 3,7 mln. manat azalma deməkdir. Bununla belə, bu ilin yanvar-mart aylarında banklar tərəfindən 49,3 mln. manatlıq ipoteka krediti verilib.
Mart ayında dövlət büdcəsindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna vəsait ayrılmayıb.
Cari ilin mart ayında Fond 13,2 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib. Yanvar-mart aylarında Fond istiqraz yerləşdirməyib.
Fondun ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il aprelin 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 45,950 min manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,63%, aylıq ödəniş isə 327,6 manat təşkil edib.