Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2013-cü ilin 6 ayı ərzində geniş pul kütləsi iqtisadiyyatın tələbatına uyğun olaraq artıb və onun strukturunda yaxşılaşma prosesi davam edib.
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın I yarım il üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.
İcmala əsasən, ötən dövr ərzində manatla geniş pul kütləsi 3,6% artıb. Bank sisteminin pul yaratmaq qabiliyyətini ifadə edən pul multiplikatorunun dövr ərzində artmağa meyl göstərməsi (ilin əvvəlinə nəzərən 6 faiz artım) qeyri-nağd pulun həcminin genişlənməsi ilə əlaqədardır.
Bu ilin 6 ayının sonuna pul bazası 10,2 mlrd. manat təşkil edib. Pul bazasının dinamikasında kəskin dəyişkənlik müşahidə olunmayıb. Pul bazasının azalması daha çox mövsümi amillərlə əlaqədar olub. Belə ki, ötən ilin dekabr ayında büdcə xərcləri ilə əlaqədar artımın sürətlənməsi müşahidə olunub, cari ilin iyun ayının sonuna isə hökumət hesablarının toplam qalığı artıb.
Mövsümi təmizlənmiş pul bazası ilin əvvəlinə nisbətən 8%, ötən ilin müvafiq dövrünə nisbətən isə 20% artım nümayiş etdirib. İyulun 1-nə geniş pul kütləsi (M3 aqreqatı) ilin əvvəli ilə müqayisədə 1,4%, ötən ilin müvafiq ayına nisbətən isə 17,1% artaraq 16 013,1 mln. manata çatıb.
AMB-nin hesablamalarına görə, pul kütləsində dollarlaşma göstəriciləri də azalmaqda davam edir. Xarici valyutada olan depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz bəndi azalaraq 34,8%-ə düşüb. Xarici valyutada olan əmanətlərin geniş pul kütləsində payı isə 3,1 faiz bəndi azalaraq son tarixə 15,9% təşkil edib. Hesabat dövrü ərzində qeyri-nağd pul kütləsi 3,7%, ötən ilin müvafiq dövrünə nəzərən isə 15% artıb.