Bu ilin avqust ayında Azərbaycanda manatda banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, avqustda dollarda banklararası kreditlər üzrə orta faiz dərəcəsi isə yüksəlib. Əgər iyulda manatla banklararası kreditlərin orta faiz dərəcəsi 9,18%, xarici valyutada 9,73% olubsa, avqustda manatda banklararası kreditlərin orta faiz dərəcəsi 8,44%, xarici valyutada 9,76% təşkil edib.
Orta faiz manatla kreditlərdə illik 5,65%-dən 8,44%-ə, xarici valyutada 5,42%-dən 9,76%-ə yüksəlib.
Manatla banklararası kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 20,62% olmaqla 30-90 günlük, ən aşağı isə illik 3% olmaqla 30 günədək kreditlərdə qeydə alınıb. Xarici valyutada da ən yüksək orta faiz 30-90 günlük kreditlərdə müşahidə olunub - 17,22%. Avqustda banklararası kreditlərdə ən aşağı orta faiz dərəcəsi 1,19% olmaqla 30 günədək kreditlərdə olub.