“Yola saldığımız 2017-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması, mənfi fəsadlarının aradan qaldırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, operativ statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 11 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12% artaraq 21,8 mlrd. ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19% artaraq 14 mlrd. ABŞ dollarını üstələyib.
“Məmnunedici hal kimi qeyri-neft əmtəə ixracının 24 faiz artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət hesabında 6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb və nəticədə dövlətin məcmu valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,5 milyard ABŞ dolları və ya 13,3 faiz artıb”, - deyə S.Şərifov vurğulayıb.