Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin differensiallaşdırılmalı, bəzi mallara aşağı ƏDV tətbiq olunmalıdır.
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov deyib.
Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi Samirə Musayeva isə millət vəkilinə cavabında bildirib ki, Avropa ölkələrində ƏDV-nin orta dərəcəsi 20% olduğu halda, Azərbaycanda bu rəqəm 18% təşkil edir: "Vergilər Nazirliyi beynəlxalq təcrübəni öyrənir, ayrı-ayrı dövlətlərdə vergi dərəcələrini araşdırır. Hazırda bizdə ƏDV-nin dərəcəsi bütün Avropa ölkələri ilə müqayisədə aşağıdır. Strateji məhsulların, qida sənayesi, uşaq geyimi məhsulları, kiçik sahibkarlığın istehsal etdiyi məhsullara ƏDV-nin aşağı dərəcəsi müəyyən olunub. Təbii ki, Vergilər Nazirliyi hökumət üzvləri ilə birlikdə ölkəmiz üçün strateji məhsulların siyahısını müəyyənləşdirib. ƏDV-nin differensasiyası məsələsinə baxıla bilər. Biz həmin təşəbbüslərin üzərində ciddi şəkildə işləməyə hazırıq".