2017-ci ilin sentyabr ayı ərzində "yaşıl kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 3045 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan (İSB) "APA-Economics"ə verilən məlumata görə, bunlardan 1719 müqavilə Türkiyə və İrana, 1235 müqavilə Rusiya, Moldova və Ukraynaya, 91 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 211,174 min manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 2445-i minik, 313-ü yük, 267-si qoşqu, 18-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
Hazırda Yaşıl Kart sığorta növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.
"Yaşıl kart" beynəlxalq sığorta sistemi - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən "yaşıl kart" haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sənədin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 2015-ci il 28 may tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 2016-cı ilin 1 yanvar tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.