Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7% artaraq 396 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 1 413,8 manat, qeyri-neft sektorunda 367,9 manat, dövlət bölməsində 332 manat, özəl bölmədə isə 496,3 manat təşkil edib.
«Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.
Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 222,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 373,3 manat təşkil edib.