Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində vergi borclarının alınması sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci ildən qalan borclar da nəzərə alınmaqla ilin əvvəlinə mövcud olan borcların 17,1%-i ləğv edilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nəticədə 1 yanvar 2013-cü il tarixə dövlət büdcəsinə borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 501,9 mln. manat və ya 16,2% azalıb. Keçən ilin əvvəlinə olan 9 471 borclu vergi ödəyicisi və hesabat dövründə borcu yaranmış 195 311 vergi ödəyicisi də nəzərə alınmaqla, görülmüş məlumatlandırma və izahat işləri nəticəsində 196 393 borclu vergi ödəyicisinin vergi borcları tamamilə ləğv edilib.
Ötən il dövlət büdcəsinə vergilər üzrə daxilolmaların 31,7%-ni borclu vergi ödəyiciləri üzrə gecikdirilmiş və məcburi alınma tədbirləri nəticəsində ödənişlər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 94,6 mln. manat çoxdur.
Hesabat ilində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 51 030 sayda qərar açılmış və bu qərarların 95,2%-i (2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2% çox) borclar ləğv edildiyi üçün bağlanılıb. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 69,9 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Vergi borclarını ödəmə tələbini qəbul etməyən 708 borclu vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 637 borclu vergi ödəyici üzrə qanun pozuntusu aşkar edilərək 132,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Vergi borclarının və hesablanmış maliyyə sanksiyasının 88,1%-nin büdcəyə ödənilməsi təmin edilib.
Ötən il ərzində vergi borcunu ödəməkdən yayınmaya görə 16,6 mln. manat borc məbləği üzrə 222 vergi ödəyicisinin işi üzrə materiallar Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilib.