Bank Of Baku

2017-ci ildə qiymətli metal və daşlara görə 189 min manat dövlət rüsumu ödənilib

2017-ci ildə qiymətli metal və daşlara görə 189 min manat dövlət rüsumu ödənilib
# 10 yanvar 2018 13:32 (UTC +04:00)

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2017-ci il ərzində 188,6 min manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasionar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 № nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya və icazələr haqqında” qanunun 3 nömrəli əlavəsində “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib və ümumilikdə 1404 hüquqi və fiziki şəxslərə icazə verilib.

 

““Qiymətli metallar və qiymətli daşlar haqqında” qanununun 10.3-cü bəndinə əsasən, Azərbaycanda sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilib, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanması barədə və habelə “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna edilmiş dəyişikliklərlə əlaqədar, Xidmət səlahiyyətləri daxilində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələbləri ilə bağlı mütəmadi olaraq qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinə izahat məktubları göndərir”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, prezident İlham Əliyevin 2015-ci il 20 oktyabr tarixli fərmanı  ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılmış yoxlamaların dayandırılması haqqında” qanuna əsasən 2015-ci il 01 noyabr  tarixindən Xidmət tərəfindən aparılan yoxlamalar dayandırılıb.

 

Məlumatda qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (PL/TM) qarşı mübarizənin gücləndirilməsi üçün bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlığını təmin etmək məqsədi ilə Azərbaycan prezidentinin 18 noyabr 2016-cı il tarixli sərəncamı ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

 

2017-ci ildə Milli Fəaliyyət Planından irəli gələn məsələlərin Maliyyə Nazirliyində icrasının təmin edilməsi məqsədilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Maliyyə Nazirliyinin 2017-ci il üçün illik İş Planı” təsdiq edilib və 2017-ci il ərzində görülmüş işlər barədə illik hesabat Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə təqdim edilib.

 

“Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun tətbiq edilməsi barədə” prezident İlham Əliyevin 2005-ci il 22 noyabr tarixli fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 09 oktyabr tarixli qərarı ilə “Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları” təsdiq edilib. Bu Qaydalar qiymətli metalların və qiymətli daşların hasilatı, istehsalı, istifadəsi və dövriyyəsi, qiymətli metalların tullantılarının və qırıntılarının yığılması, tədarükü, ilkin və təkrar emalı, qiymətli daşların rekuperasiyası, həmçinin tərkibində qiymətli metallar və qiymətli daşlar olan məmulatların istifadəsi sahəsində əməliyyatlar həyata keçirən bütün hüquqi şəxslərə, o cümlədən hərbi hissələrə və hərbi birləşmələrə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.

 

Sözügedən qaydalara əsasən müəssisə və təşkilatlar, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesabatların mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməli olduğu barədə məktublar göndərilib. Müəyyən edilmiş “Qiymətli metalların çıxarılması və affinajı haqqında”1-qiymətli metal, “Qiymətli metallar və daşların istehsalı, satışı və qalığı haqqında” 2-qiymətli metallar və daşlar, “Cihaz,avadanlıq və sair məmulatların tərkibində, habelə qırıntı və tullantı halında olan qiymətli metalların qalığı, daxil olması və işlənməsi haqqında” 3-qiymətli metallar statistik formaları üzrə hesabatlar Xidmət tərəfindən toplanılıb və ümumiləşdirilərək 2017-ci il 30 iyun tarixində Statistika Komitəsinə təqdim edilib.

 

“Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun icrası ilə bağlı verilmiş tapşırıqlar vaxtında yerinə yetirilib.

 

Beləliklə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradılıb və istehlakçıların hüquqlarının qorunması baxımından müvafiq tədbirlər Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən təmin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR