Bakı. Anaxanım Hidayətova - APA-Economics. Ötən il Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 800 mln. dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Onun sözlərinə görə, bu göstərici 2011-ci illə müqayisədə 40% azalma deməkdir: “Lakin bu, münasibətlərin dinamikası ilə bağlı deyil, sadəcə, Ukrayna zavodlarında olan texnoloji məqamlarla əlaqədardır”.
Səfir qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında imzalanmaq üçün hazırda beş sənəd hazırlanır: “Təhsil, elm və texnologiyalar sahələrini əhatə edən sazişlər bu ilin aprel-may aylarında Hökumətlərarası Komissiyanın Kiyevdə keçiriləcək iclasında imzalanacaq”.