Bakı. Ramiz Mikayıloğlu - APA. Martın 31-də iş müddəti ərzində Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 49-u ötən illə bağlı maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Bunu APA-ya MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib. Partiyaların martın 31-də poçtla MSK-ya ünvanladıqları maliyyə hesabatları da MSK-ya çatdırıldıqdan sonra nəzərdə tutulmuş müddət ərzində hesabat təqdim etmiş siyasi partiyaların yekun sayı məlum olacaq. N. Məmmədov ümumilikdə 55 partiyanın hamısının maliyyə hesabatlarını təqdim etməsini gözlədiklərini söyləyib.
MSK sədrinin müavini bildirib ki, keçən illə müqayisədə siyasi partiyaların maliyyə hesabatlarını təqdim etməsi sahəsində çox böyük irəliləyiş var, təkmilləşmə göz önündədir. MSK-nın təşkil etdiyi seminarlar, maarifləndirmə xarakterli tədbirlər öz nəticələrini verib. N. Məmmədov deyib ki, bundan sonrakı mərhələdə siyasi partiyaların təqdim etdikləri maliyyə hesabatları araşdırılacaq, partiyaların maliyyələrini necə formalaşdırdıqları, hansı istiqamətdə xərclədikləri, xərclərlə bağlı hansı istiqamətləri prioritet saydıqları təhlil olunacaq. Bununla bağlı nəticələr yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən 2015-ci ildən başlayaraq siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.