Bakı-APA. ”Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
“Maliyyə məsələləri ilə bağlı olan bir məsələni qeyd etmək istəyirəm. Baxmayaraq ki, mən bu məsələ barədə dəfələrlə fikirlərimi, iradlarımı bildirmişəm və müəyyən işlər görülübdür, ancaq hələ ki, lazımi səviyyədə deyil. Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir. Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir”, deyə dövlət başçısı qeyd edib. Prezident cari ildə bu sahədə daha ciddi tədbirlər görülməsi barədə tapşırıq verib: “Mən təkliflər gözləyirəm ki, nağdsız hesablaşmaların, ödəmələrin sayı artsın. 2012-ci ildə doğrudan da, bu sahədə çox böyük işlər görülmüşdü və mən bu işləri qiymətləndirirəm. Lakin hesab edirəm ki, Azərbaycanda bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verilməlidir”.
Prezidentin sözlərinə görə, burada heç bir yeni üsul icad etməyə gərək yoxdur, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir. “Əlbəttə, Azərbaycan inkişafda olan dövlətdir və bizdə bu sahədə hələ ki, vəziyyət inkişaf etmiş ölkələrdəki kimi deyil. Amma, biz buna çatmalıyıq. Çünki biz qarşıya hədəf qoymuşuq ki, bütün sahələrdə inkişaf etmiş ölkələrin səviyyəsində olmalıyıq və onların müsbət təcrübələrini Azərbaycanda tətbiq etməliyik. Bu sahə də çox vacib sahədir. Bu, bizə imkan verəcək ki, öz maliyyə və iqtisadi sahəmizdə şəffaflığı artıraq və insanlara daha da yaxşı xidmət göstərək”, deyə prezident qeyd edib.