Bank Of Baku

Şahin Mustafayev: "Naxçıvandan Türkiyəyə ixrac üçün imkanlar genişdir"

Şahin Mustafayev: "Naxçıvandan Türkiyəyə ixrac üçün imkanlar genişdir"
# 07 aprel 2017 10:03 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mühüm fəaliyyətini, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyini vurğulayıb. Qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Şahin Mustafayev iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, hazırda Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir, Bakı Ticarət Limanının II mərhələsinin, azad ticarət zonası tipli Xüsusi İqtisadi Zonanın yaradılması və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlər davam etdirilir. Aktauda Azərbaycanın xarici ölkədə ilk logistik mərkəzi fəaliyyət göstərir və Türkiyə iş adamları bu logistik mərkəzin imkanlarından istifadə edə bilər. Naxçıvandan Türkiyəyə ixrac üçün də imkanlar genişdir.

 

Öz növbəsində səfir ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialı vurğulayaraq, Naxçıvandan məhsulların Türkiyəyə ixracının mümkünlüyünü qeyd edib.

 

Görüşdə yeni yaradılmış Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) fəaliyyəti barədə də məlumat verilib, qurumun fəaliyyətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında, iş adamları arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağı vurğulanıb. Səfir naziri aprelin 29-da TÜİB-in təqdimatına dair tədbirə dəvət edib.

 

Ş. Mustafayev isə aprelin 25-də Bakıda "Sahibkarlar Günü"nün qeyd olunacağını bildirərək, TÜİB nümayəndələrinin tədbirdə iştirak edə biləcəklərini diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR