Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sığorta-pensiya sisteminin inkişafının yeni mərhələdə əsas vəzifələrindən biri sistemin maliyyə dayanıqlığının artırılması və sosial ədalət prinsipinin tam təmini üçün nəzərdə tutulan köklü dəyişikliklərdir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün Bakıda «Heydər Əliyev 90: İqtisadi modernləşmə» mövzusunda keçirilən konfransdakı çıxışında bəyan edib.
S.Müslümovun sözlərinə görə, bura, ilk növbədə, əmək pensiyasının baza hissəsinin restruktrizasiyasını aid etmək olar. Əmək pensiyasının baza hissəsinin restruktrizasiyası işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini nəzərdə tutur. Bu isə əmək pensiyalarının gələcəkdə vahid tərkibdə - yalnız fərdi hesablara toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilməsi deməkdir.
İkinci mühüm məsələ dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsidir. Belə ki, hazırkı vəziyyətdə dövlətin öhdəlikləri kimi 1992-ci ilin yanvarın 1-dən əvvəlki dövr üçün pensiya hüquqları üzrə formalaşmış məbləğlər və bəzi kateqoriya şəxslərin pensiyasına əlavələr, sığorta-pensiya sisteminin öhdəlikləri kimi isə 1992-ci ildən sonra sosial sığorta əsasında formalaşan bütün öhdəliklər çıxış edir.
Bundan əlavə, sosial sığortaya cəlb edilən əməkhaqqına müəyyən hədd qoymaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsi nəzərdə tutulur. Belə ki, müəyyən həddən yuxarı məbləğ üçün ödənilən və fərdi hesablarda pensiya kapitalı kimi qeydə alınan məbləğlərin şərti yığım sistemində saxlanılmaqla pensiyanın sığorta hissəsinin hesablanmasında nəzərə alınması və ya real yığım sisteminə keçirilməklə maliyyə bazarında dövr etdirilərək pensiyanın yığım hissəsinin formalaşmasına yönəldilməsinin vətəndaşın öz seçiminə verilməsi nəzərdə tutulur.
S.Müslümov bildirib ki, dördüncü məsələ, şərti yığım sistemində könüllü sığortalanmanın tətbiqidir. Bu prosesin, sosial sığortalanması ümumiyyətlə olmayanlara könüllü sığorta haqqı ödəməklə pensiya hüququ əldə etmək imkanı verilməsi və sığortaolunanlara əlavə könüllü sığorta haqqı ödəməklə pensiya kapitalını artırmaq imkanı verilməsi istiqamətlərində reallaşdırılması planlaşdırılır.
Həmçinin sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi planlaşdırılır. Belə ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. Bu məqsədlə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi nəzərdə tutulur.
S.Müslümovun sözlərinə görə, daha bir mühüm məsələ qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilidir. Könüllü sosial sığortalanma əsasında fəaliyyət göstərəcək qeyri-dövlət pensiya fondlarının yaradılması nəzərdə tutulur ki, bu da pensiyaçılara əlavə pensiya təminatı əldə etmək imkanı verəcək.
Sistemin təkmilləşdirilməsi çərçivəsində isə icbari dövlət sosial sığorta haqlarının ödənişi, bu barədə hesabatların verilməsi və fərdi uçot üzrə əməliyyatların avtomatlaşdırılması nəzərə tutulur. Hazırda Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin 40%-i, yəni 1,272 mln. nəfər pensiyaçı və fərdi hesab açılmış 2,390 mln. nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Qeyd edilir ki, 2011-ci ilin IV rübündən icbari dövlət sosial sığorta haqları üzrə hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunmasına başlanılıb və bu ilin martın 1-nə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 19 257 sığortaedən kod, parol və şifrə ilə təmin edilib.
S.Müslümov bildirib ki, pensiya təyinatının avtomatlaşdırılması davam edir. Hazırda pensiyaların sığorta hissəsinin 2006-cı ildən sonrakı dövr üzrə formalaşan məbləği fərdi uçot məlumatları əsasında təyin olunur. Bundan əvvəlki dövrə aid iş stajları barədə məlumatların toplanması isə davam etdirilir ki, bu prosesin yekunlaşdırılması pensiya təyinatının tam avtomatlaşdırılmasına imkan verəcək.
Qeyd edilib ki, pensiya ödənişi aparılan pensiyaçıların 99%-nin pensiyasının avtomatlaşdırılmış qaydada plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ölkənin müxtəlif şəhər və rayonları üzrə 673 ədəd əlavə bankomat quraşdırılıb. Prosesin davamlı olaraq təkmilləşdirilməsi əsas prioritetlərdəndir.