Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 20 537 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2% çox zəng daxil olub.
Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, canlı əlaqə zamanı 19 596 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 13,1%-i qeydiyyat, 11,6 %-i elektron xidmətlər, 9,1%-i elektron imza, 7,8%-i hesabatlar, 7,3%-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 4,7 %-i büdcə hesablaşmaları, 4,1%-i vergi ödəyicilərinə göndərilmiş mesajlar barədə olub.
Hesabat dövründə vergi ödəyiciləri tərəfindən səsli menyu vasitəsilə məlumat almaq üçün 4 628 zəng daxil olub. 758 dəfə vergi növləri barədə məlumatın verilməsi, 2 076 sayda isə vergi borcu barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.
Həmin dövrdə vergi ödəyiciləri onlara 201 261 sayda mesaj göndərilməklə məlumatlandırılıb ki, onlardan 200 224-ü qısa mesaj (SMS) xidməti, 1037-si ikitərəfli SMS xidməti vasitəsilə olub. Vergi ödəyicilərinin Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 96,97% olub.