Bank Of Baku

Vüqar Gülməmmədov: “Vergi inzibatçılığının artırılması büdcə proqnozlarının yerinə yetirilməsinə əminlik yaradır”

Vüqar Gülməmmədov: “Vergi inzibatçılığının artırılması büdcə proqnozlarının yerinə yetirilməsinə əminlik yaradır”
# 18 noyabr 2014 14:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq Valyuta Fondunun 2015-ci ildə Azərbaycanda iqtisadi artımın 3,5%, Dünya Bankı isə 4,1% həcmində proqnozlaşdırdığını nəzərə almaqla, 2015-ci il üçün dövlət büdcəsində növbəti ildə iqtisadi artımın 4,4% nəzərdə tutulması aparılan siyasətin beynəlxalq miqyasda qəbul olunmasının nəticəsidir.

 

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

 

Palata sədrinin sözlərinə görə, dövlət büdcəsi xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunacaq məbləğdə optimallaşdırılması yeni strateji çağırışlara tam cavab verir ki, bu da neftin qiymətinin dəyişikliyi fonunda dünya bazarının ölkə iqtisadiyyatına konyunktur təsirlərini optimallaşdırmağa imkan verəcək.

 

V. Gülməmmədov bildirib ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat olmaqla, ümumi daxili məhsulun 35,5%-ni təşkil edəcək ki, bu da cari ildəkindən 1,1% çoxdur.

 

O, əlavə edib ki, qeyri-neft sektorundan gəlirlərin artması, vergi daxilolmalarında yığım əmsalının artırılması öz təsirini göstərir. Belə ki, növbəti ildə vergi gəlirlərinin 2,3%, qeyri-vergi gəlirlərinin 8,2% çox olacağı proqnozlaşdırılıb.

 

Sədr bildirib ki, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21,1 mlrd. manat həcmində proqnozlaşdırılır: “Bu, iqtisadi inkişafın davamlı təmin edilməsində dövlət büdcəsinin rolunun artması kimi qəbul olunmalıdır”.

 

Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,2% səviyyəsində proqnozlaşdırılıb.

 

“Mövcud iqtisadi şərait və vergi inzibatçılığının artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi həmin proqnozların tam həcmdə yerinə yetirilməsinə əminlik yaradır”, - deyə V. Gülməmmədov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR