Bakı. APA-Economics. “Əmanətlərin tam sığortalanması haqqında yeni qanunun qəbul edilməsi həmin anda əmanətlərin artımına deyil, onların sistemdən çıxışının məhdudlaşdırılması, azaldılmasına yönəlib”. Bunu “APA-Economics”ə müsahibəsində Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, qanunun qəbulu artıq öz bəhrəsini verib. “Fevral ayında əmanət çıxışı daha böyük idi, martda proses azalmağa başladı, apreldə isə çox aşağı tempə keçdi. Ümumilikdə, 1 milyard 650 milyon manatlıq çıxış olub. Bağlanan banklardakı əmanət çıxışını da nəzərə alsaq, 300 milyon yanvar-mart ayları ərzində əmanət çıxışı olub. Belə çıxır ki, məbləğdə dəyişiklik baş verməyib. Yəni, qanun öz işini görüb. Heç bir dövlət bu qanunu böhran dövründə əmanətlərin artımına nail olmaq üçün qəbul etmir. Bu qanun əmanət çıxışının məhdudlaşdırılmasına yönəldilir. Məqsəd isə odur ki, bankda əmanəti olan vətəndaş böhranla bağlı baş verən proseslərdən narahatlıq keçirməsin”, - deyə Z. Nuriyev qeyd edib.
Z. Nuriyev onu da əlavə edib ki, əmanət artımını təmin etmək üçün bu gün ilk növbədə bank sektorunda olan izafi likvidlik problemi həll olunmalıdır: “İlk növbədə iqtisadi aktivlik artmalı, iqtisadiyyata daha çox kredit verməli və ehtiyac yaranarsa, biz vəsait cəlb etməliyik. Bu gün kreditləşmə tempi əvvəlki illərlə müqayisədə çox aşağı səviyyədədir. Bu zaman böyük sürətlə əmanət cəlb edilməsi nəyə xidmət edə bilərki?! Təbii ki, kreditləşmə tempi artdıqca, əmanətlərin cəlb edilməsinə ehtiyac yarandıqca, banklar yeni məhsullar təqdim edəcək, əhalidən əmanətlərin cəlbi üçün tədbirlər görüləcək”.