Bank Of Baku

Sabah Ukraynada koalisiya hökumətinin dağıldığı rəsmən elan ediləcək

Sabah Ukraynada koalisiya hökumətinin dağıldığı rəsmən elan ediləcək
# 15 sentyabr 2008 12:16 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radasının sədri Arseni Yasenyuk sabah mövcud koalisiya hökumətinin dağıldığını rəsmən elan edəcək. APA-nın “UNİAN”a istinadən yaydığı məlumata görə, A. Yasenyuk parlament fraksiyaları və komitələrinin rəhbərlərinin Razılaşdırma Şurasında bildirib ki, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” bloku koalisiyadan çıxmaqla bağlı bəyanatını qanunla yol verilən müddətdə geri götürməyib: “Ona görə də müvəqqəti reqlamentin 65-ci maddəsinə əsasən sabah koalisiya ilə rəsmi vida mərasimi keçiriləcək. Səhər saat 10.00-da istəyən əlində gül, istəyən çələnglə gələ bilər”. Parlamentin sədri xatırladıb ki, koalisiyanın öz fəaliyyətini dayandırdığına dair rəsmi elandan sonrakı 30 gün ərzində yeni hökumət formalaşdırılmalıdır, əksə təqdirdə, prezident qanunverici orqanı buraxa bilər.

“Yuliya Timoşenko” blokunun parlament fraksiyası rəhbərinin müavini Andrey Portnov sentyabrın 16-dan etibarən yeni koalisiyanın formalaşdırılması üçün məsləhətləşmələrə başlayacaqlarını açıqlayıb. “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun deputatı Pavel Jebrivski isə “Yuliya Timoşenko” bloku ilə Regionlar Partiyası arasında koalisiya yaradılmasa, növbədənkənar seçkilərə hazırlaşacaqlarını bildirib: “Bizim iki seçimimiz var - “Yuliya Timoşenko” bloku və Regionlar Partiyası arasında koalisiya yaranarsa, biz müxalifətə keçəcəyik. Bu baş verməsə, erkən seçkilərə hazırlaşacağıq”.

“Yuliya Timoşenko” blokunun deputatı Vladimir Yavorivski isə “Yuliya Timoşenko” və “Bizim Ukrayna”nın Litvinin blokunun da qoşulması ilə yeni koalisiya yarada biləcəyini açıqlayıb. O, artıq Vladimir Litvinin buna razılıq verdiyini söyləyib.

Xatırladaq ki, sentyabrın 2-də “Yuliya Timoşenko” bloku, Regionlar Partiyası və Kommunist Partiyasının səsləri ilə prezidentin səlahiyyətlərini azalıdan qanunlar qəbul olunub. “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” bloku Yuliya Timoşenkonun bu hərəkətini xəyanət kimi qiymətləndirərək koalisiyadan çıxdığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR