Bank Of Baku

Mixail Sakaaşvili: ““Avqust hadisələri” sözünü dilinə gətirən dövlət məmurları dərhal işdən qovulacaq”

Mixail Sakaaşvili: ““Avqust hadisələri” sözünü dilinə gətirən dövlət məmurları dərhal işdən qovulacaq”
# 23 yanvar 2009 16:56 (UTC +04:00)
Tiflis-APA. “Gürcüstan yalnız hərbi mühasirədə deyil, həm də iqtisadi böhran məngənəsindədir”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili televiziya vasitəsilə vətəndaşların suallarını cavablandıran zaman deyib. O, ümumdünya iqtisadi böhranının Gürcüstan iqtisadiyyatına təsirinin çox da güclü olmadığını bildirib: “Lakin bu təsiri inkar etmək olmaz. İş yerlərində ixtisarlar gedir, ərzaq idxalında, müəssisələrə kredit verilməsində problemlər var, lakin Gürcüstanın bank sistemində stabillik hökm sürür”. Mixail Sakaaşvili dövlət məmurlarına “avqust hadisələri” ifadəsini işlətməyi qadağan etdiyini bildirib: “Tez-tez “avqust hadisələri” ifadəsini işlədirlər. Bu, rusların uydurduğu və bizim üçün təhqiramiz termindir. Bu günlərdə Sameqrelo qubernatoru da bu ifadəni işlədib. “Avqust hadisələri” sözünü dilinə gətirən növbəti məmur dərhal işdən qovulacaq. Avqust ayında baş verənlər daşqın və ya zəlzələ deyil. Bu, Rusiyanın Gürcüstana təcavüzüdür, Ağa Məhəmməd Şahın hücumundan sonra ölkəmizin üzləşdiyi ən böyük hərbi təcavüzdür. Avqustda baş verənlər müharibə idi, Gürcüstanın öz azadlığı uğrunda apardığı müharibə. Və bu müharibə davam edir. Biz ruslarla ən mübahisəli mövzular ətrafında belə dialoqa hazırıq. Əgər belə bir dialoq imkanı mümkün olsa. Rusiya xalqı, xüsusilə də osetinlər bizim düşmənlərimiz deyil. Bütün günahlar şəxsən baş nazir Vladimir Putindədir. Şah Abbasdan sonra Gürcüstanın Putin kimi ayıq-sayıq düşməni olmayıb”. Saakaşvili bütün problemlərdən çıxış yolunun iqtisadiyyatın güclənidirlməsində, Avropaya inteqrasiyada və NATO ilə yaxınlaşmada olduğunu bildirib: “Əgər biz ayaq üstə qalxmasaq, Avropaya inteqrasiya etməsək, NATO ilə yaxınlaşmasaq, ABŞ-la imzaladığımız xartiyanı yerinə yetirməsək Moskvada bizi ciddi qəbul etməyəcəklər. Nə zaman ki, siyasi oyunda bu kartlar bizim əlimizdə olacaq, o zaman hamı bizi ciddi qəbul edəcək. Və belə Rusiya bu cür Gürcüstanın maraqları ilə hesablaşmaq məcburiyyətində qalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR