Bank Of Baku

Rusiya prezidentinin xüsusi nümayəndəsi: “Xəzərin hüquqi statusu haqqında Konvensiyanın 70-80 faizi razılaşdırılıb”

Rusiya prezidentinin xüsusi nümayəndəsi: “Xəzərin hüquqi statusu haqqında Konvensiyanın 70-80 faizi razılaşdırılıb”
# 06 fevral 2009 12:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Tərəflər Samur çayının suyunun ədalətli bölgüsü ilə bağlı razılığa gəlsələr, bu sahədə sərhədin müəyyənləşməsi məsələsi həllini tapacaq”. APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin sərhədyanı MDB ölkələri ilə delimitasiya və demarkasiya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovin “İzvestiya” qəzetinə müsahibəsində deyib. Azərbaycanla sərhədlərin delimitasiyası üzrə danışıqların getdiyini söyləyən A. Qolovin bildirib ki, bir neçə razılaşdırılmamış sahə qalıb, onlardan da ən əsası Samur su qovşağıdır: “Fikir mübadiləsi işgüzar mühitdə və qarşılıqlı hörmət şəraitində aparılır. Əsas məsələ Samur çayının su ehtiyatlarının bölünməsidir. Bu çay əsasən Rusiya (Dağıstan Respublikası) ərazisindən axır, onun yalnız 38 kilometri sərhəddən keçir”.

Xəzərin hüquqi statusu ilə bağlı məsələyə toxunan A. Qolovin bu istiqamətdə 10 ildən artıqdır danışıqlar aparıldığını vurğulayıb: “Xəzərin yeni beştərəfli format əsasında statusu hələ müəyyən olmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir”. Rusiya prezidentinin xüsusi nümayəndəsi SSRİ dövründə Xəzər akvatoriyasında sovet dövləti ilə İran arasında dövlət sərhədi olmadığını, 10 mil uzunluğunda balıqçılıq zonalarının mövcudluğunu xatırladıb: “Problem ondadır ki, bizim qonşularımız birtərəfli qaydada dənizin öz sahil zolaqlarına aid hissələrini ayırıblar. Bu, əlbəttə ki, narazılığa səbəb olub və danışıqları çətinləşdirir”. Diplomat bu məsələ ilə bağlı işçi qrupun fəaliyyət göstərdiyini söyləyib: “Hüquqi status haqqında Konvensiyanın 70-80 faizi demək olar ki, razılaşdırılıb. Amma hələ bir neçə əsas problem mövcuddur. Onlardan biri akvatoriyanın delimitasiyasıdır. Tərəflər onun həlli yolunu axtarırlar, bu məsələ 2007-ci ilin oktyabrında Tehranda keçirilən Xəzəryanı ölkələrin sammitində də müzakirə olunub. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin o vaxt verdiyi təklif delimitasiya üzrə razılıq əldə etmək üçün başlanğıc nöqtəsi ola bilər”. Diplomatın sözlərinə görə, hazırda Xəzər sularının delimitasiyası barədə fikirlər tədricən bir-birinə yaxınlaşır, bu isə razılaşmanın uzaqda olmadığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR