Bank Of Baku

Rusiya deputatları Putin üçün suallar hazırlayıb

Rusiya deputatları Putin üçün suallar hazırlayıb
# 24 mart 2009 10:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Rusiya Dövlət Dumasında təmsil olunan siyasi partiyalar baş nazir Vladimir Putin tərəfindən hazırlanan illik hesabatda cavablandırılacaq suallarını müəyyən edib. APA-nın məlumatına görə, hər partiya baş nazirə üç sual verəcək.
Belə ki, Kommunist Partiyası ilk növbədə V.Putindən hökumət tərəfindən qaz, elektrik enerjisi və kommunal xidmət tariflərinin artmasının qarşısının alınması istiqamətində hansı tədbirlərin görülməsi barədə məlumat almaq istəyir. Bundan başqa kommunistləri vergi sahəsində böhrana qarşı tədbirlər, xüsusən də əhalinin dəstəklənməsi çərçivəsində bağ sahələri üzrə torpaq vergisinin hökumət tərəfindən azaltmaq istəməməsi səbəbləri maraqlandırır. Partiyanın üçüncü sualı isə iqtisadiyyatın real sektorunun kreditləşməsi ilə bağlıdır. Belə ki, kommunistlər V.Putindən VTB, «Sberbank» və «Qazprombank»ın büdcədən kreditləşmə üçün ayrılan 1,5 trln. rubl həcmində vəsaitin öz səhmlərinin alınmasına xərcləyə bilib-bilməməsini soruşacaqlar.
Liberal-Demokrat Partiyası isə ilk növbədə təbii inhisarların tariflərinin dondurulması ilə bağlı məsələnin hökumətin planlarında olub-olmaması barədə sual verməyə hazırlaşır. Bundan əlavə, partiyanı istehsalatın müasirləşdirilməsi üçün valyuta kreditlərini cəlb edən və hazırda müflisləşmə təhlükəsi ilə üzləşmiş müəssisələrin taleyi narahat edir. Liberal-demokratların üçüncü sualı yerli mal istehsalçılarının dəstəklənməsini nəzərdə tutan «Ticarət haqqında» qanuna dəyişikliklərlə bağlı olacaq.
«Spravedlivaya Rossiya» («Ədalətli Rusiya») partiyasının sualları «Tikinti-əmanət kassaları haqqında» qanun layihəsinə və ümumilikdə bu partiya tərəfindən irəli sürülən təşəbbüslərə baş nazirin münasibəti ilə bağlıdır.
«Yedinaya Rossiya» («Vahid Rusiya») partiyasından olan deputatlar isə suallarını hələ də tam müəyyənləşdirməyiblər. Lakin məlumdur ki, partiya tərəfindən veriləcək suallar əsasən qəbul olunan qanunların icrası və elmtutumlu sahələrin inkişaf etdirilməsi sahələrini əhatə edəcək.
Qeyd edək ki, sualların siyahısı martın 24-də Dumanın iclasında təsdiq olunmalıdır. Həmçinin, Duma baş nazirin hesabatının müzakirəsini aprelin 6-dan 2-nə keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR