Bank Of Baku

Ukrayna prezidenti parlamentə Konstitusiyaya dəyişikliklər barədə qanun layihəsi təqdim edib

Ukrayna prezidenti parlamentə Konstitusiyaya dəyişikliklər barədə qanun layihəsi təqdim edib
# 31 mart 2009 12:20 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko ölkədəki vəziyyətlə bağlı Ali Radada ənənəvi illik çıxış edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, dövlət başçısının çıxışını parlamentdə dinləyənlər arasında baş nazir Yuliya Timoşenko və hökumət üzvləri, Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Şapoval, baş prokuror Aleksandr Medvedko, vilayət rəhbərləri, məhkəmə sədrləri də olub. V. Yuşşenko telekanallar tərəfindən canlı yayımlanan çıxışında Ali Radanın sədri Vladimir Litvinə Konstitusiyaya dəyişikliklər barədə qanun layihəsi təqdim etdiyini və layihənin təxirəsalınmaz müzakirəsini istədiyini açıqlayıb. O bildirib ki, layihəyə əsasən Ukraynada ikipalatalı parlament yaradılmalı və deputatların sayı azaldılmalıdır. Layihədə aşağı palata – Deputatlar Palatasının proporsional sistem üzrə seçki yolu ilə formalaşması nəzərdə tutulur. Deputatlar Palatası hökuməti formalaşdırmalı və onun fəaliyyətinə nəzarət etməlidir. Layihədə yuxarı palatanın – Senatın majoritar seçki sistemi ilə formalaşması, icmalar və bölgələri təmsil etməsi əksini tapıb. Hər vilayətdən 3 senatorun təmsil olunacağı yuxarı palata hökumətin səlahiyyət çərçivəsinə aid olmayan kadr təyinatlarını həyata keçirməli, eləcə də prezidentin müdafiə və təhlükəsizlik sahəsində qərarlarını təsdiqləməlidir. Layihədə prezidentə ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qarantı statusu verilir. Dövlət başçısı yuxarı palata ilə qarşılıqlı fəaliyyət göstərərək ölkədə konstitusion sabitliyi təmin etməlidir. Layihədə daxili və xarici siyasətə cavabdeh olan orqan Nazirlər Kabinetidir.
V. Yuşşenko Konstitusiya dəyişikliklərinin təsdiqlənməsi üçün referendumun keçirilməsi təklifini də irəli sürərək bu məqsədlə dövlət büdcəsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini də parlamentə təqdim edib. Layihədə referendumun maliyyələşdirilməsinin mexanizmi əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR