Bank Of Baku

Gürcüstan Rusiya müharibəsindən iki il ötüb

Gürcüstan Rusiya müharibəsindən iki il ötüb
# 08 avqust 2010 01:39 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan-Rusiya müharibəsindən iki il ötüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanda bu tarix geniş qeyd olunub. Qoridə müharibənin iki illiyini əhali beş min şam yandırmaqla qeyd edib. Rusiyanın Gürcüstana təcavüzü nəticəsində 228 nəfər dinc Gürcüstan vətəndaşları, 170 hərbçi və 14 nəfər polis həlak olub. Müharibədə 8 əsgər itkin düşüb. 150 min qaçqın öz doğma ev-eşiyindən qovulub. Onlardan 30 min nəfəri hələ də qaçqınlıq həyatı yaşayır. 2008-ci ilin iyulundan başlayaraq Sxinvali regionundakı gürcü kəndləri intensiv şəkildə atəşə tutulub. Keçən ilin avqust ayının 1-də osetin hərbi birləşmələri ilə gürcü qüvvələri arasında ciddi toqquşma nəticəsində 6 nəfər silahlı osetin həlak olub. Avqustun 8-də Gürcüstan hərbi qüvvələri Sxinvali separatist birləşmələri və rus ordusu ilə münaqişəyə girdi. Rok tuneli və Psou sərhədindən 15 min rus əsgəri Gürcüstan ərazisinə daxil oldu. Gürcü bölmələri Sxinvalini tutdular. Lakin rus aviasiyasının hava hücumlarından sonra geri çəkildilər. Rus hərbi aviasiyası Gürcüstanın müxtəlif şəhərlərdə yerləşən hərbi bazalarını və aerodromlarını bombaladı. Qori şəhəri və buradakı hərbi baza iki dəfə bombardmana məruz qaldı. Tiflisdə Vazian hərbi bazası, aviasiya zavodu və Kvişiani dağında radar sistemi məhv edildi. Rus aviasiyası eyni zamanda Poti limanını, Marneuli və Senakidəki hərbi bazaları bombaladı. Avqustun 12-də rus ordusu Kodori dərəsini, avqustun 16-da isə Axalqori rayonunu tutdu. Avqustun 15-də rus hərbçiləri Kaspi rayonunun İqoeti kəndində zirehli texnika ilə Gürcüstanın şərqi ilə qərbini birləşdirən magistral yolun qabağını kəsdilər. Həmin gün Borjomi-Xaraqauli meşə parkında rus vertolyotçuları tərəfindən yanğın törədildi və nəticədə park bütünlüklə məhv edildi.
Hərbi hücumların qarşısı yalnız avqustun 12-də Fransa prezidenti Nikolya Sarkozinin işə qarışması nəticəsində dayandırıldı. O, Rusiya prezidenti və baş naziri ilə məsləhətləşmələrdən sonra Tiflisə 6 maddədən ibarət sülhməramlı plan gətirdi. Sarkozi ilə yanaşı Tiflisə Litva prezidenti Valdas Adamkus, Polşa prezidenti Lex Kaçinski və Ukrayna prezidenti Viktor Yuşenko səfər etdilər. Avqustun 15-də Tiflisə ABŞ-ın dövlət katibi Kondaliza Rays gəldi. Avqustun 26-da Rusiya Abxaziyanın və qondarma Cənibi Osetiyanın müstəqilliyini tanıdı. Oktyabrın 1-dən Gürcüstanın nəzarəti altında olan torpaqları Avropa Birliyi müşahidəçiləri patrul nəzarətinə götürdülər. Rusiya işğalçı qüvvələri və de-fakto rejimi onları işğal edilmiş torpaqlara buraxmadılar. Əldə olunan razılaşmaya baxmayaraq Rusiya öz hərbi qüvvələrini Abxaziya və Sxinvali bölgələrində saxladı. Nəticədə Gürcüstan 8 avqusta qədər nəzarət etdiyi torpaqları da itirdi.
Avqust müharibəsinin ildönümü münasibəti ilə çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Gürcüstan torpağından axırıncı işğalçı çıxanacan biz mübarizəmizi davam etdirəcəyik. Bu sözləri Gürcüstan prezidenti Kolumbiya prezidentinin inauqurasiya mərasimində iştirak edərkən jurnalistlərə deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR