Bank Of Baku

Belarus hüquq-mühafizə orqanları məşhur müxalif jurnalistin intihar etdiyini bildirir

Belarus hüquq-mühafizə orqanları məşhur müxalif jurnalistin intihar etdiyini bildirir
# 04 sentyabr 2010 16:28 (UTC +04:00)
Bakı - APA. Belarusun müxalif “Xartiya’97” saytının yaradıcısı Oleq Bebenin intihar nəticəsində dünyasını dəyişib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Belarus Daxili İşlər Nazirliyindəki anonim mənbə bildirib.

Minsk vilayətinin Dzerjinski rayonunun prokuroru Sergey Kovriqin isə “İnterfax”a jurnalistin cəsədinin ilgəkdən asılmış vəziyyətdə olduğunu, ölümqabağı məktubun isə tapılmadığını söyləyib.

Minsk vilayəti Daxili İşlər Şöbəsinin mətbuat katibi Aleksandr Danilçenko Bebeninin bağlandığı ilgəyin ikinci mərtəbəyə aparan pilləkənə vurulduğunu, yaxınlıqda isə yerə yıxılmış stul olduğunu deyib: “Meyitin üzərində əlbəyaxa olma izləri və xarici zədələr yoxdur. Qonşular Bebeninin bağ evi yaxınlığında kənar şəxslər də görməyiblər”.

Qeyd edək ki, Oleq Bebeninin cəsədi sentyabrın 3-də axşam Minsk yaxınlığındakı bağ evində aşkarlanıb. 36 yaşlı O.Bebenin Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1990-cı illərdə müstəqil “İmya” (“Ad”) qəzetində çalışıb. 1998-ci ildə “Xartiya’97” saytının əsasını qoyub və ömrünün sonunadək onun dəyişməz rəhbəri olub. Evli olan O.Bebeninin özündən sonra iki oğlu qalıb.

“Xartiya’97” saytı növbəti prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşan “Avropa Belarusu” kampaniyasının lideri Andrey Sannikovu dəstəkləyir. Artıq A.Sannikov Belarus hüquq-mühafizə orqanlarının jurnalistin ölümü ilə bağlı versiyasını şübhə altına alan bəyanatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR