Bank Of Baku

Putin Moskva xəstəxanalarına yerləşdirilən Vladiqafqaz yaralılarının qohumlarının müvəqqəti yaşayış yeri ilə təmin olunmasına göstəriş verib

Putin Moskva xəstəxanalarına yerləşdirilən Vladiqafqaz yaralılarının qohumlarının müvəqqəti yaşayış yeri ilə təmin olunmasına göstəriş verib
# 10 sentyabr 2010 14:26 (UTC +04:00)
Bakı - APA. Rusiyanın baş naziri Vladimir Putin Vladiqafqazda baş verən partlayış nəticəsində zərər çəkən və Moskva xəstəxanalarına yerləşdirilən yaralıların qohumlarının paytaxtda müvəqqəti yaşayış yeri ilə təmin olunmasına göstəriş verib.

APA-nın “İTAR TASS”a istinadən xəbərinə görə, bu barədə V.Putin səhiyyə və sosial inkişaf nazirinin müavini Vladimir Belovla görüşündə açıqlama verib.

V.belov görüşdə bildirib ki, Vladiqafqazda törədilən terror aktından sonra xəstəxanalara 158 nəfər, o cümlədən 4 uşaq müraciət edib: “Uşaqlardan biri xəstəxanada vəfat etdi. Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə 11 yaralı Moskvaya gətirilib, 105 yaralı isə yerli xəstəxanalarda müalicə alır”.

Xatırladaq ki, hadisə sentyabrın 9-da Bakı vaxtı ilə 12.20-də baş verib. Terrorçu-kamikadze bazarın əsas girişi qarşısında minalanmış “Volqa” markalı avtomobili partladıb. Partlayışın gücü 30-40 kiloqram trotil ekvivalentinə bərabər olub. Partlayışa görə məsuliyyəti çeçen yaraqlılarının lideri Doku Umarov öz üzərinə götürüb. Partlayış nəticəsində 18 nəfər həlak olub. Ölənlər arasında azərbaycanlılar da var. Bunlar Yasəmən Məmmədova və onun nəvəsi Elnur Aşinovdur. Onların cəsədləri dəfn olunmaq üçün Gürcüstana göndərilib.

Şimali Osetiyadakı Azərbaycan diasporunun nümayəndələri bildiriblər ki, Yasəmən Məmmədova, onun gəlini Elvira Sədi qızı Aşinova (22 yaş), nəvələri Rəşad Rövşən oğlu Aşinov (3 yaş) və Elnur Rövşən oğlu Aşinov (1,5 yaş) terror aktı baş verən zaman bazarın yaxınlığından keçirmiş. Ağır yaralanmış Elvira və oğlu Rəşad xüsusi təyyarə ilə Moskvaya göndərilib. Hər iki yaralının durumunun ağır olduğu bildirilir.

Bundan başqa, Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında açıqlanan siyahıda terror aktında yaralananlar arasında Abdullayev Rafael Müzadil oğlu (1976), Əliyev Rəhim (1972), Əliyeva Zemfira, Əliyeva Nəzirə Vəzir qızı, Əliyeva Tamilla (1976), Qarayev Eldar Qulu oğlu və Yusifova İzal Amaz qızının (ad-soyad dəqiq olmaya bilər) adları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR