Bank Of Baku

Tbilisidə erməni və azərbaycanlı qadınların iştirakı ilə mətbuat konfransı keçirilib

Tbilisidə erməni və azərbaycanlı qadınların iştirakı ilə mətbuat konfransı keçirilib
# 21 sentyabr 2010 23:23 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Sentyabrın 21-də Tiflisin “Betsi” mehmanxanasında azərbaycanlı və erməni qadınlarının iştirakı ilə Beynəlxalq Sülh Gününə həsr edilmiş mətbuat konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir BMT-nin Qadın Fondunun və Belçika senatoru Dominik Tilmanın təşəbbüsü ilə baş tutub. Mətbuat konfransını Belçika senatoru Dominik Tilman açaraq bu tədbirin hazırkı dövrdə vacibliyindən və Qarabağ münaqişəsinin həllində kişilərlə bərabər qadınların də iştirak etməyinin zəruri olduğunu bildirib. Senator qeyd edib ki, konfliktdə kişilər iştirak edə bilər, amma qadın sülhə can atmalı, tərəflər arasında barışıq əldə etmək üçün bütün imkanlardan səmərəli istifadə etməlidir. “Biz iki il bundan əvvəl Brüsseldə Azərbaycanın, Ermənistanın və digər ölkələrin səfirlərinin iştirakı ilə dialoq şəkilində bir görüş təşkil etdik. Belə qərara gəldik ki, qeyri-rəsmi diplomatiyadan istifadə etməklə qadınların iştirak etdiyi belə görüşləri təkcə Brüsseldə deyil, eyni zamanda Bakıda, İrəvanda və Dağlıq Qarabağda təşkil edə bilərik. Brüsseldəki ilk görüşümüzdən sonra Tiflisdə erməni və Azərbaycan qadınlarının iştirakı ilə görüş keçirməyi qərara aldıq. Bu gün Tiflisdə Beynəlxalq Sülh Gününə həsr etdiyimiz görüşdə gürcü qadınları da iştirak edir. Gələcəkdə konkret tədbirlər həyata keçirəcəyik.” Senator qeyd edib ki, Qırmızı Xaç və Aypara cəmiyyətləri ilə də görüşlər də planlaşdırılıb. “Bütün diskussiyalarda və təşkil etdiyimiz tədbirlərdə stol arxasında yalnız qadınlar oturmalıdır. Qarabağ münaqişəsindən 20 il keçib və insanlar bundan yorulublar. Hələlik dəyişiklik yoxdur. Bu münaqişənin yeganə yolu sülh yoludur.”

Sülh görüşləri çərçivəsində Qarabağ münaqişəsinin həll edilməsində erməni və azərbaycanlı qadınlarının rolu və BMT Təhlükəsizlik Şurasının Ermənistanda və Azərbaycanda “Qadınlar, Sülh və Təhlükəsizlik haqqında ” 1325 saylı qətnaməsinin yerinə yetirilməsinin perspektivləri də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR