Bank Of Baku

Tacikistan ərazisinin bir hissəsini Çinə verib

Tacikistan ərazisinin bir hissəsini Çinə verib
# 12 yanvar 2011 10:45 (UTC +04:00)
Düşənbə-APA. Tacikistanla Çin arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası haqqında protokolun ratifikasiyası Tacikistan parlamentində qızğın polemikalara səbəb olub. APA-nın “Asiya-Plyus”a istinadən yaydığı məlumata görə, protokolu deputatların müzakirəsinə təqdim edən xarici işlər naziri Xamroxon Zarifi qeyd edib ki, bu protokolun ratifikasiyası mühüm siyasi hadisədir və Tacikistanla Çin arasında münasibətlərin inkişafına xidmət edəcək. XİN başçısı bildirib ki, Çar Rusiyası, SSRİ və indi isə müstəqil Tacikistanla Çin arasında ərazi mübahisələrinin əsası 19-cu əsrin ikinci yarısından qoyulub: “Mübahisəli ərazilər indiki Tacikistanın 28,5 min kvadrat kilometr ərazisini əhatə edir ki, bu da ölkənin ərazisinin 20 faizinə bərabərdir. Çinlə protokol imzalandıqdan sonra bu ərazilərin 3 faizi, yaxud 1000 kvadrat kilometr ərazi Çinin ixtiyarına keçəcək. Hesab edirəm ki, bu, tacik diplomatiyasının böyük qələbəsidir”.

Tacikistan İslam İntibahı Partiyasının lideri Muhiddin Kəbiri isə bildirib ki, bu protokolu tacik diplomatiyasının qələbəsi adlandırmaq olmaz: “Protokolun ratifikasiyası ölkə Konstitusiyasına ziddir, çünki Konstitusiyada göstərilir ki, ölkəmizin ərazisi vahid və bölünməzdir. Ratifikasiyadan sonra 1000 kvadrat kilometr ərazi Çinin ixtiyarına keçəcək və bu, tacik diplomatiyasının məğlubiyyətidir”.

Tacik kommunistlərinin lideri Şodi Şabdolov isə qeyd edib ki, Tacikistan hökumətinin bu protokolu imzalamaqda yol verdiyi ən böyük səhv şəffaflığı təmin etməməsidir: “Heç kimdə dəqiq məlumat yox idi, şayiələr gəzirdi ki, Tacikistan ərazisinin böyük bir hissəsi Çinə veriləcək. Lakin xarici işlər naziri öz çıxışında bir çox məsələlərə aydınlıq gətirdi. Protokolun ratifikasiyası 130 illik ərazi mübahisələrinə son qoyacaq. Biz bu mübahisəni gələcək nəsillərə miras qoymamalıyıq və deputatları protokolu ratifikasiya etməyə çağırıram”. Onun çıxışından sonra Tacikistan parlamenti böyük səs çoxluğu ilə qeyd olunan protokolu ratifikasiya edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR