Bank Of Baku

Rusiya Lex Kaçinskinin ölümünə səbəb olan təyyarə qəzasının səbəblərinə dair hesabata Polşanın iradlarını qəbul etməyib

Rusiya Lex Kaçinskinin ölümünə səbəb olan təyyarə qəzasının səbəblərinə dair hesabata Polşanın iradlarını qəbul etməyib
# 12 yanvar 2011 13:30 (UTC +04:00)
Moskva-APA. “Polşa tərəfinin Beynəlxalq Aviasiya Komitəsinin texniki komissiyasının prezident Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasına dair təhqiqat əsasında hazırladığı hesabata iradları sənədin yekun versiyasına əlavə ediləcək, lakin qəzaya görə kimin məsuliyyət daşıdığına dair nəticələrə təsir göstərməyəcək”. APA-nın məlumatına görə, bu fikirləri Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın keçirdiyi mətbuat konfransında səsləndirilib.

Mətbuat konfransında çıxış edən texniki komissiyanın rəhbəri Aleksey Morozov bildirib ki, qəzaya görə kimin məsuliyyət daşıdığına dair iradlar hesabatda nəzərə alınmayıb, çünki bu iradların hadisənin texniki tərəflərinə aidiyyəti yoxdur. DAK ekspertləri hesab edir ki, qəzanın əsas səbəbkarları əlverişsiz hava şəraiti ilə əlaqədar ehtiyat aerodroma enməkdən imtina edən pilotlardır. Tatyana Anodina bildirib ki, ekipaj göyərtədə olan yüksək vəzifəli şəxslərin təzyiqi ilə eniş etmək barədə müstəqil şəkildə qərar qəbul edib. Hadisə zamanı Polşa Hərbi Hava Qüvvələrinin baş komandanı pilotların kabinəsində olub. Onun qanında 0,6 promille alkoqol aşkarlanıb. Mətbuat konfransında qəzanın multimedia bərpası və baş verən hadisələrə dair film nümayiş olunub. Filmdə pilotların kabinəsindəki söhbətlər, həmçinin dispetçerlərin məlumatları səsləndirilib.

Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı hesabatın layihəsi ötən ilin oktyabrında Polşa tərəfinə təqdim olunub. Layihə ilə tanış olan Polşanın baş naziri Donald Tusk sənədin qəbuledilməz olduğunu bildirib. Varşava Dövlətlərarası Aviasiya Komitəsinə 150 səhifəlik irad göndərib. İradlarda hesabatda gəlinən nəticələrin beşdə birinin dəyişdirilməsi tələb olunur. Polşa tərəfi həmçinin Rusiyanın qəzaya görə məsuliyyətin bir hissəsini öz üzərinə götürməsini tələb edib. Polşanın ədliyyə naziri Kşiştof Kvyatkovski bəyan edib ki, əgər DAK hesabatda Polşa tərəfinin mövqeyini nəzərə almasa, Varşava öz müstəqil hesabatını hazırlayacaq.

Xatırladaq ki, ötən il aprelin 10-da Smolensk səmasında “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində 96 nəfər, o cümlədən prezident Lex Kaçinski və xanımı, çoxlu sayda hökumət rəhbərləri həlak olublar. Qəzanın səbəblərini araşdıran DAK komissiyasının tərkibində Rusiya, Polşa və ABŞ-dan ekspertlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR