Bank Of Baku

İslam İnkişaf Bankı Gürcüstanda və xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardım edəcək

İslam İnkişaf Bankı Gürcüstanda və xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardım edəcək
# 26 yanvar 2011 18:22 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. İslam İnkişaf Bankı (İİB) Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) ilə «Tələbələrə faizsiz kredit» layihəsi haqqında memorandum imzalayıb. Layihənin əsas məqsədi Gürcüstanda yaşayan müsəlman tələbələrin təhsil almalarına diqqət göstərmək və dəstək verməkdir. Memoranduma əsasən bu ildən Gürcüstanda yaşayan azərbaycanlı tələbələrə təqaüd proqramı həyata keçiriləcək. Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov məlumat verib. Onun sözlərinə görə, ilk olaraq bu layihə 5 nəfər tələbə üçün nəzərdə tutulub: «Memoranduma əsasən, layihə faizsiz kredit şəkilində reallaşacaq. Biz Gürcüstan azərbaycanlılarını layihə barədə məlumatlandırmaq üçün elan hazırlamışıq. Elanda qeyd edilib ki, ilk növbədə tibb, mühəndislik, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alan tələbələrə diqqət göstəriləcək. Tələbə təhsil alacağı müddətdə onun illik təhsil haqqı təxminən 2500 ABŞ dolları həcmində olacaq. Tələbəyə ayda təxminən 100 ABŞ dolları təqaüd verilməyi də nəzərdə tutulub. Bundan başqa tələbə dərs və geyim ləvazimatları və tibbi sığorta ilə təmin olunacaq. Bu proses tələbənin oxuduğu müddətdə davam edəcək. Layihədə təhsil müddətində çəkilən xərc, tələbə ali təhsil ocağını bitirib işə başladıqdan sonra hissə-hissə faizsiz olaraq geri ödəniləcəyi nəzərdə tutulub».

Fazil Həsənov qeyd edib ki, tələbələrə ayrılan faizsiz kredit geri qaytarıldıqdan sonra, həmin məbləğ gələcəkdə proqramın davam etməsinə və digər tələbələrin də təhsil almasına yardım olacaq: «Layihədə Gürcüstanda yaşayan başqa dildə danışan müsəlmanlar da nəzərdə tutulub. İİB-nın maliyyələşdirdiyi bu layihədə xaricdə bakalavr pilləsində təhsil almağa da şərait yaradılıb. Belə ki, tələbələrin ehtiyaclarını nəzərə alaraq, məbləğ dəyişəcək və xaricə getmək üçün yol xərcləri də təhsil xərclərinə əlavə olunacaq».

Bu layihəyə görə, İİB-nin vasitəçi təşkilatı kimi AMM və tələbə arasında müqavilə imzalanır. Layihə Gürcüstanın bütün bölgələri üçün nəzərdə tutulub. «Bu layihəni olduqca əhəmiyyətli hesab edirəm. Cəmi bir neçə ildən sonra artıq onlarla azərbaycanlı tələbə intellektli şəxslər kimi mühüm vəzifələrdə çalışacaq, krediti ödəyərək digər tələbələri də bu proqrama cəlb etmiş olacaqlar. Bu da gənclərdə stimul və məsuliyyət yaradacaqdır. Belə bir layihə ilk dəfədir ki, ölkəmizdə müsəlman icmaları üçün reallaşır. İnanıram ki, istedadlı, lakin imkansız şəxslər bundan razı qalacaqlar», deyə Fazil Həsənov bildirib.

Xatırladaq ki, keçən ilin noyabr ayında Gürcüstana səfər edən İİB-nın nümayəndələri Malik Şah və Suad-üz-Zəfər Tiflis, Batumi və Marneuli şəhərlərində, Kvemo Kartli bölgə idarəsində, təhsil və elm nazirliyində, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində, «Varlıq» Mədəniyyət Mərkəzində, Gürcüstanın Gənclərə Yardım Assosiasiyasında azərbaycanlılarla layihə ilə bağlı görüşlər keçiriblər. Ən axırda isə layihəni həyata keçirən əsas vasitəçi AMM seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR