Bank Of Baku

Gürcüstanda fevral ayında məktəb direktorları imtahan verəcəklər

Gürcüstanda fevral ayında məktəb direktorları imtahan verəcəklər
# 31 yanvar 2011 21:37 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu ilin fevral ayından Gürcüstanda fəaliyyət göstərən məktəb direktorları imtahan verəcəklər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Marneuli Təhsil Resursları Mərkəzinin (MTRM) rəhbəri Kamandar İsmayılov məlumat verib. "Məktəb direktorlarının hansı dildə imtahan verəcəyi hələ müəyyən edilməyib. Təxminən ölkədə çıxan qanunlar, məktəbin büdcəsi barədə, psixologiyadan, məktəblərdə konflikt baş verərsə, onları necə həll etmək və digər məsələlərə aid suallar olacaq. Məktəb direktoru imtahan verərsə, nazirlik onu məktəbə direktor göndərir. Əgər birinci dəfə direktor kollektiv tərəfdən qəbul edilmirsə, ona ikinci şans verilir. Əgər yenə onu kollektiv qəbul etmirsə, nəhayət təhsil nazirinin əmri ilə məktəb direktoru təyin edilir".

MTRM rəhbəri azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 4 kiçik məktəbin böyük məktəblərə birləşdiyini bildirib. Onun məlumatına görə, hazırda Marneulidə 50 Azərbaycandilli məktəb fəaliyyət göstərir: "Əvvəllər 54 məktəbimiz var idi, lakin onlardan 4-ü böyük məktəblərə birləşdirilib. İndi məktəblərdə şagirdlərin vauçer məsələsi də həll olunub. İndi orta məktəblərin şəhər, kənd və yaxud dağ və aran bölgəsində olan məktəblərə bölünməsi aradan götürülüb. Bəzən məktəblərin büdcəsi çatmayanda biz təhsil nazirliyinə müraciət edir, bundan sonra bizə maliyyə dəstəyi ayrılırdı. İndi belə deyil. Artıq vauçer məsələsi də birdəfəlik həll olunub. Məktəblər fikrimcə, maliyyə çətinliyi çəkməyəcəklər".

Kamandar İsmayılov bu il Marneulidə orta məktəblərin təmiri və yeni tikililərin də plana salındığını deyib: "Alget 1 saylı orta məktəbdə fevralın 15-dən ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə təmir işləri başlanır. Ermənistanla sərhəd kəndi olan Qasımlı kənd orta məktəbi isə tamamilə yarıtmaz haldadır. Bu ildən bu kənddə 400 şagirdlik Avropa standartlarına uyğun məktəb tikiləcək".

K. İsmayılov bu il XII sinif şagirdlərinin də imtahan verəcəyini bildirib: "On ikincilər attestat almaq üçün imtahan verəcəklər. Əgər şagirdlər imtahan verə bilməsələr, onlara gələn il də şans veriləcək. Sonrakı şanslarda da şagirdlərdən kimsə attestat almaq üçün imtahan verə bilmirsə, sonradan o, həmin sənədi pul ödəməklə ala biləcək. Bundan sonra ali məktəblərə imtahan ümumi qaydada həyata keçiriləcək".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR