Bank Of Baku

Azərbaycanlını bıçaqlamış skinhed azadlıqdan məhrum edildi

Azərbaycanlını bıçaqlamış skinhed azadlıqdan məhrum edildi
# 07 fevral 2011 22:56 (UTC +04:00)
Bakı-APA. Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhəri Mərkəzi rayonunun məhkəməsi 16 yaşlı Sergey Panovun 2 il 4 ay müddətinə tərbiyə müəssisəsində islah edilməsi barədə qərar qəbul edib. O, milli, irqi və dini ədavət motivi ilə bədənə ağır xəsarət yetirməkdə təqsirli bilinib. Bu barədə APA “10kanal.ru” internet saytına istinadən məlumat verir.

Ekstremistin qurbanı Azərbaycan vətəndaşı olub. O, keçən ilin mayın 21-də şəhərin mərkəzindən keçən azərbaycanlıya hücum edib, onu döyüb, döş və qarın nahiyəsinə 7 bıçaq zərbəsi vurub. Zərərçəkən sağ qalıb. Prokopyevsk şəhəri xüsusi məktəbinin şagirdi olan Sergey Panov günahını etiraf etsə də, əməlindən peşman olmadığını bildirib.

Novokuznetskin Mərkəzi rayonunun prokuror köməkçisi Qalina Avraamova bildirib ki, Sergey Panov azyaşlıdır, əvvəllər məhkum olunmayıb, günahını etiraf edib: “Hökmün əsasını təşkil edəcək digər yüngülləşdirici hallar müəyyən edilməyib. Məhkəmə hesab edir ki, azyaşlı Panovun islah olunması üçün məhz azadlıqdan məhrumetmə cəzası vacibdir”.

Qeyd edək ki, Panov ancaq bir cinayət əməlinə görə cavab verib. İstintaqın gedişində o daha öncə rus millətindən olan evsiz-eşiksiz bir şəxsi qətlə yetirdiyini də etiraf edib. Panovun fikrincə, həmin şəxs «rus millətini biabır edirmiş». Maraqlıdır ki, 16 yaşlı Panov savadsızlığı ucbatından dəfələrlə sinifdə qalıb və hazırda 6-cı sinifdə oxuyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR