Bank Of Baku

Gürcüstanda azərbaycanlıların “Sarvan” folklor rəqs qrupu “Yunior-2011-ci il” seçim festivalında iştirak edib

Gürcüstanda azərbaycanlıların “Sarvan” folklor rəqs qrupu “Yunior-2011-ci il” seçim festivalında iştirak edib
# 11 mart 2011 04:39 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı Qriboyedov adına Rus Dram teatrında 2015-ci ildə Tbilisidə baş tutacaq “Beynəlxalq Uşaq və Yeniyetmələrin Yaradıcılıq Olimpiadası”nda iştirak edəcək rəqs qruplarının seçim festivalı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Beynəlxalq Uşaq Fondu “UNICEF”, Gürcüstanın Mədəniyyət və Turizm Nazirliyi, ölkənin Milli Olimpiya Komitəsi, Yaradıcı Xadimlər İttifaqının təşkilatçılığı ilə baş tutub. Tədbirdə məlumat verilib ki, beynəlxalq tenderin qalibi olan Gürcüstan tərəfi 2015-ci ildə “Beynəlxalq Uşaq və Yeniyetmələr Yaradıcılıq Olimpiadası”nı Tbilisidə, “Yaşlıların Beynəlxalq Yaradıcılıq Olimpiadası” isə Soçi şəhərində keçiriləcək. Hər iki şəhərdə 65 dövlətin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, bu olimpiadanın təşkilatçısı UNİCEF 4 il ərzində mərhələlərdən keçən qruplara nəzarət edəcək, onların yaradıcılığını izləyəcək. Seçim turları 4 il, hər il 2 dəfə keçirilməyi nəzərdə tutulur. Bu müddət ərzində fəaliyyəti uğurla davam edən yaradıcı qruplar qarşıya qoyulan meyarlara uyğun gələrsə, olimpiadada iştirak etmək şansı qazanacaq.
Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən APA-ya bildirilib ki, festivalda həm də Gürcüstanın milli azlıqları: - osetinlər, ermənilər, ukraynalılar, ruslar, polyaklar və digər azlıqların milli rəqs qrupları da iştirak edib. “Tədbirdə Azərbaycan milli rəqslərini həmişə olduğu kimi, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu təmsil edib. “Sarvan” rəqs qrupu tədbirdə 3 nominasiya ilə çıxış edib. Seçim turunda müvəffəqiyyətlə cıxış edən “Sarvan” rəqs qrupunun 2015-ci ildə Tbilisidə keçiriləcək olimpiyadaya vəsiqə qazanıb-qazanmaması 2 həftə ərzində münsiflərin qərarı ilə açıqlanacaq. Tədbirin sonunda çıxış edən iştirakçılara diplomlar təqdim edilib.”
Qeyd edək ki, digər rəqs qruplarından fərqli olaraq, diplomlar nəinki təkcə bədii rəhbərə, həm də “Sarvan” folklor rəqs qrupunun “Cücələrim” rəqsinin kiçik yaşlı ifaçılarının hər birinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR