Bank Of Baku

Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib

Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
# 12 mart 2011 19:19 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Azərbaycanın əməkdar rəssamı, UNESCO rəssamlar birliyinin üzvü Sakit Məmmədov Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki adına layiq görülüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında keçirilən “Ənənələr və müasirlik” Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimində Sakit Məmmədova akademiyanın diplom və medalını Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli təqdim edib.

Beynəlxalq festivalda Sakit Məmmədov həmçinin ən yaxşı sənət əsəri ustası kimi iki nominasiyasında qalib gəlib. Bunlar “ənənələrin və müasirliyin saxlanılması” və “dəstixəttin orijinallığı və stilin individuallığı” nominasiyaları olub.

Qeyd edək ki, UNESCO-nun mədəniyyət və müasir incəsənətə verdiyi dəstək və Moskva İctimai Fondunun təşkilatçılığı ilə keçirilən bu festival Rusiyanın mədəni həyatında mühüm hadisə sayılır. Festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən - Fransa, İtaliya, Almaniya, Yunanıstan, ABŞ, Rumıniya, Serbiya, Bolqarıstan, İsrail və Ukraynadan 200 ən yaxşı rəssam, heykəltəraş, fotoqraf və qrafika ustalarının əsərləri nümayiş olunub.

“Ənənələr və müasirlik” festivalının keçirilməsində məqsəd, birinci növbədə gənc istedadlı rəssamlara, rəssamlıq layihələrinin inkişafına dəstək vermək və mədəni irsi qoruyub saxlamaqdan ibarətdir.

Onu da qeyd edək ki, festivalın münsiflər heyətinə dünya şöhrətli Azərbaycan boyakarı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın xalq rəssamı Tahir Salahov rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR