Bank Of Baku

Rustavidə Novruz şənliyi keçirilib

Rustavidə Novruz şənliyi keçirilib
# 20 mart 2011 04:40 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Rustavidə dövlətin dəstəyi ilə Novruz şənliyi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Rustavi şəhər bələdiyyəsinin və Tbilisidəki “Varlıq” Mədəniyyət Mərkəzinin dəstəyi və təşkilatçılığı ilə azərbaycanlı və gürcü ictimaiyyət nümayəndələrinin, Rustavi şəhər merliyinin, bələdiyyəsinin və gürcü və Azərbaycan orta məktəb şagirdlərinin iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilib. Tədbiri Rustavi şəhər bələdiyyəsinin mütəxəssisi Bəhram İsayev açaraq Novruz bayramının qədim köklərə malik olduğunu və bayramların ən seviləni sayıldığını bildirib. Onun sözlərinə görə, bu ildən başlayaraq Novruz bayramı Gürcüstanda ümumxalq bayramı kimi rəsmi olaraq təntənə ilə qeyd edilir. Tədbirdə Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirilib. Sonra Rustavi şəhər bələdiyyəsinin sədri Kaxa Qurgenidze çıxış edərək bu maraqlı və yaz ətri verən Novruz bayramı münasibəti ilə bütün azərbaycanlıları təbrik edib, onlara səadət və xoşbəxtlik arzulayıb. Tədbirdə Gürcüstan təhlükəsizlik şurasının katib müavini Tamar Kintsuraşvili Gürcüstan prezidentinin təşəbbüsü ilə verilən fərmanla azərbaycanlıların milli bayramı artıq Gürcüstanın dövlət bayramı olduğunu bildirib və bu münasibətlə təhlükəsizlik şurasının katibi Qiqa Bokeriyanın da təbriklərini azərbaycanlılara çatdırıb. Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Gürcüstan parlamentinin deputatı Ramin Bayramov, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Usubov, “Varlıq” Mədəniyyət Mərkəzinin direktor müavini Tapdıq Yolçu, və başqaları Novruz şənliyinin gözəl əhval-ruhiyyə ilə insanlara firavanlıq və səadət bəxş edən, hamını birliyə çağıran, ədalətə, gələcəyə çağıran uzun ömürlü bir bayram olduğunu bildiriblər.
Rustavi şəhər Mədəniyyət sarayında təşkil edilən Novruz bayramında Rustavidəki 18 saylı gürcü orta məktəbin Azərbaycan şöbəsinin şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər. Bayramda Azərbaycan və gürcü dillərində mahnılar və şeirlər söylənilib, hər iki xalqın dilində şən mahnılar səsləndirilib. Novruz şənliyində eyni zamanda Kosa və Keçəl, Bahar qızı səhnədə Novruza aid səhnəcik nümayiş etdiriblər. Bayram tədbirində şagirdlərin peşəkarlığını bəyənən ictimaiyyət nümayəndələri onları dəfələrlə alqışlayıblar.
Gürcüstan təhlükəsizlik şurasının katib müavini Tamar Kintsuraşvili jurnalistlərə Novruz bayramına olan münasibətini bildirib. “Gürcüstan prezidenti Mixail Saakaşvilinin təşəbbüsü ilə Novruz bayramı bu ildən ölkəmizdə ümumxalq bayram kimi rəsmi şəkildə qeyd olunur. Bu, bizi sevindirir. Mən dünya azərbaycanlılarını, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıları təbrik edirəm. Düşünürəm ki, Gürcüstan böyük evdir və ailədə bütün üzvlər bu bayramı qeyd edirlərsə, deməli, bu bayram hamının bayramıdır. Novruz bayramı-yaz bayramıdır. Yenilik gətirən bayramdır. Biz bu gözəl bayramı yüksək optimizmlə qeyd edirik.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR