Bank Of Baku

Moldovada hökumət dəyişikliyi baş verə bilər

Moldovada hökumət dəyişikliyi baş verə bilər
# 02 iyun 2011 14:13 (UTC +04:00)
Bakı - APA. Moldovada iqtidar dəyişikliyi baş verə, Kişinyov meri (genprimar) vəzifəsinə isə yerli kommunistlərin namizədi seçilə bilər. APA-nın xəbərinə görə, bu bəyanatla Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin üzvü Vladimir Nikitin çıxış edib.

Onun sözlərinə görə, Moldovadakı sosial gərginlik hökumət dəyişikliyinə gətirib çıxara bilər: “İndiki hökumətin dövründə əhali başa düşdü ki, əvvəlki hökumətin dövründə vəziyyət pis deyildi, əksinə, yaxşı idi. Hazırda Moldova Kommunist Partiyasının nüfuzu yenidən artmaqdadır. Düşünürəm ki, Rusiyanın maraqları məhz bu siyasi qüvvəni dəstəkləməyi tələb edir”.

Qeyd edək ki, ötən həftənin bazar günü Kişinyovda Moldova Kommunist Partiyasının lideri, ölkənin sabiq prezidenti Vladimir Voroninin rəhbərliyi ilə etiraz aksiyası keçirilib. 70 min nəfərin qatıldığı aksiyada hakim alyansın istefası tələb olunub, “Voronin - prezident!” şüarları səslənib. Analoji aksiya bundan əvvəl - mayın 9-da da keçirilmiş, 60 min nəfər hökumətin istefasını tələb etmişdi.

Ekspertlərin fikrincə, Moldovada hakim “Avrointeqrasiya üzrə alyans” iyunun 5-də paytaxtda keçiriləcək seçkilərin nəticələrinə təsir etməyə cəhd etsə, bu, vəziyyəti daha da dramatikləşdirəcək və siyasi mübarizə həlledici fazaya daxil olacaq: “İnqilabi meyllər hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər”.

Rumıniya meylli hakim alyansdan fərqli olaraq, Vladimir Voroninin liderliyi altında birləşmiş solçular ölkənin NATO-ya daxil olmasının və Rumıniya ilə birləşməsinin əleyhinə çıxır, Moldovanın gələcəyinin Rusiya ilə sıx siyasi və iqtisadi əməkdaşlıqda olduğunu bildirirlər.

Ölkədəki sosial-iqtisadi vəziyyət də hökumətin əleyhinə işləyir. Son iki ildə Moldovada qiymət və tariflər bir neçə dəfə artıb, əhalinin yaşayış səviyyəsi pisləşib, cinayətkarlığın səviyyəsi yüksəlib. Rumıniya ilə birləşməklə bağlı təbliğatın aparılması ölkənin suverenliyinin və müstəqilliyinin itiriləcəyindən narahatlıq keçirən digər müxalif qüvvələrin də kommunistlərin ətrafında birləşməsi ilə nəticələnib. Bütün bunların fonunda Kişinyovda keçiriləcək mer seçkilərinin nəticələri Moldovada ciddi qarşıdurmalara səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR