Bank Of Baku

Gürcüstan paytaxtında Azərbaycan və gürcü uşaqlarının rəsm sərgisi təşkil edilib

Gürcüstan paytaxtında Azərbaycan və gürcü uşaqlarının rəsm sərgisi təşkil edilib
# 21 oktyabr 2011 04:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Azərbaycanın Millət vəkili Qənirə Paşayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova oktyabrın 20-də Gürcüstanda səfərdə olublar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki rəsmi şəxs, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, QHT rəhbərləri, jurnalistlər Tiflisdə Yelena Axvlediani adına Uşaq Rəsm qalereyasında Azərbaycan və gürcü uşaqlarının rəsm sərgisində iştirak ediblər. Tədbiri açan rəsm qalereyasının direktoru Liya Qorqadze çıxışında Azərbaycan və Gürcüstanda yaşayan qaçqın və köçkün uşaqlarının rəsm əsərlərinin sərgisinin keçirildiyinə sevindiyini bildirib və sərgidə iştirak edən qonaqlara, ziyalılara təşəkkürünü bildirib. O, qeyd edib ki, vaxt olacaq ki, belə səpgili rəsm əsərlərinin sərgisini Suxumi və Şuşa şəhərlərində keçiriləcək. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Qadın və Uşaq Problemləri Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Əliyeva və başqaları çıxış edərək tədbirin prezident yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə yardımı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirildiyini, sərgidə 60 Azərbaycan və 60 gürcü qaçqın və köçkün uşaqlarının rəsm əsərlərinin nümayiş olunduğunu vurğulayıblar. Tədbir zamanı sərgidə qalib gələn gənc məktəbli rəssamlara diplomlar və mükafatlar təqdim edilib. Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlər arası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova I,II,III yerə layiq görülən gənc rəssamlara diplomlar və mükafatlar təqdim ediblər. Sərgiyə təqdim edilən 500 rəsm əsərindən 120-si münsiflər heyəti tərəfindən bəyənilib və Tiflisdəki rəsm qalereyasında təşkil edilən sərgiyə təqdim olunub. Tədbirdə Azərbaycandan gələn Ağdamın Bakıda fəaliyyət göstərən 35 saylı məktəbin gənc rəssamı Pərviz Şükürlü I yerə, 149 saylı məktəbin şagirdlərindən Mədinə Cəfərova II yerə və Murad Quliyev III yerə layiq görülüblər. Gürcü məktəbli gənc rəssamlara da həvəsləndirici mükafatlar verilib. S.Qəhrəmanova Yelena Axvlediani adına Uşaq Rəsm qalereyasının direktoru Liya Qorqadzeyə "Qız Qalası" xalçasını və sərgidə qalib gələn gənc azərbaycanlı rəssamlar isə hər üç gənc rəssamın birlikdə çəkdikləri "Azərbaycan" adlı rəsm əsərini bağışlayıblar.

S. Qəhrəmanova jurnalistlərə açıqlamasında bu tədbirin qaçqın və köçkünlük yaşayan uşaqların Azərbaycan adlı vətəni necə tərənnüm etdiklərini, vətənin onların fikirlərindən necə gəlib keçdiyini bildirib. "Bu uşaqlar tablolarda vətənə bəslədikləri duyğuları əks etdiriblər. Sərgidən görünür ki, azərbaycanlı və gürcü uşaqları gözəl əsərlər nümayiş etdirirlər. Ulu öndər Heydər Əliyevin dediyi kimi, müstəqilliyimiz daimidir, dönməzdir, əbədidir. Bu dönməzlik bizim uşaqların düşüncəsidir. Biz onları elə tərbiyə etməliyik ki, onlar doğrudan da müstəqilliyimizi qoruyub saxlaya bilsinlər. Bu gün onlar öz duyğularını tablolarda əks etdirirsə, sabah onlar əməlləri ilə seçiləcək və Azərbaycanın təbliğ olunmasında bilik və qabiliyyətləri ilə bir layiqli vətəndaş kimi getdikcə inkişaf edən ölkəmizin dönməzliyini və əbədiliyini təsdiqləyəcəklər".
Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlər arası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva sərginin əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Bu sərginin əhəmiyyəti odur ki, bu rəsmlər həm Azərbaycan, həm də Gürcüstan tərəfdə qaçqın və köçkün düşən uşaqların rəsmləridir. Bu sərginin Gürcüstanda gürcü uşaqları ilə birlikdə keçirilməsi dünyaya bir mesaj verir ki, onlar hələlik öz torpaqlarına, yurd-yuvalarına, evlərinə dönə bilmirlər. Bu sərgidə iştirak edən Ağdamdan qaçqın düşən uşaqlar gürcü həmyaşıdları ilə birlikdə öz ağrı-acılarını dünyaya bildirir, çəkdikləri rəsm əsərlərində Azərbaycanın adını yazır və qeyd edirlər ki, bu vətən bizimdir, bizim torpağımızdır. Bu layihə gürcü uşaqları ilə azərbaycanlı uşaqların dünyaya mənalı bir mesajıdır."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR