Bank Of Baku

Marneulidə Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

Marneulidə Beynəlxalq Tolerantlıq Günü qeyd edilib
# 16 noyabr 2011 20:05 (UTC +04:00)
Tiflis-Marneuli. Nizami Məmmədzadə-APA. Noyabrın 16-da Gürcüstanda Beynəlxalq Tolerantlıq Günü qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu əlamətdar gün münasibəti ilə Gürcüstan Ombudsmanı Giorgi Tuquşi Ombudsman aparatında təşkil etdiyi tədbirdə əhaliyə müraciət edərək, hamını tolerantlığa dəvət edib. Onun qeyd etdiyinə görə, etnik azlıqların və ölkədə fəaliyyət göstərən müxtəlif dinlərin inkişafı Gürcüstanın sərvətidir, bunu qorumaq və inkişaf etdirmək lazımdır: "Etnik və dini azlıqların səmərəli müdafiəsi, ayrı-seçkilik və onların ksenofobiya və diskriminasiya olunmasına qarşı mübarizə, vətəndaş inteqrasiyasına dəstək Gürcüstanın Ombudsmanı kimi bizim iş prioritetimizi təşkil edir. Hesab edirəm ki, siyasətçilər, vətəndaş cəmiyyəti və media nümayəndələri üçün mədəni tolerantlıq və azlıqların hüquqları ilə maraqlanmaq, onların problemləri əsas vacib məsələlərdən biri olmalıdır. Yalnız belə olan şəraitdə ölkəmizdə demokratik və liberal inkişaf ola bilər", deyə Gürcüstan Ombudsmanı bildirib.

Onun sözlərinə görə, bu gün tolerantlığı möhkəmlətmədən və yeniliklərdən istifadə etmədən cəmiyyət, dövlət, iqtisadiyyat və mədəniyyət inkişaf edə bilməz: «Buna görə də mən dəqiq bilirəm ki, biz daha çox tolerantlı olsaq, insanların haqlarını müdafiə etsək, cəmiyyət və dövlət kimi uğurlu olacağıq».

APA-nın məlumatına görə, həmin gün azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki Mədəniyyət Evində də Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Kvemo-Kartli bölgəsində yaşayan müxtəlif millətlərin nümayəndələri iştirak ediblər. Sonda gürcü və Azərbaycan folklor rəqs ansamblları tərəfindən rəqslər, Azərbaycan xalq mahnıları nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR