Rusiya Böyük Britaniyanı siyasətdə eskalasiya xəttindən imtina etməyə çağırıb və özünümüdafiə hüququ çərçivəsində zəruri cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
O bildirib ki, Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi Britaniyaya məxsus hərbi obyektlər Moskva tərəfindən qanuni hədəf hesab edilə bilər.
“Ukraynada Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunan istənilən Britaniya hərbi obyekti qanuni hədəfdir”, – Zaxarova deyib.
Rusiya XİN Britaniyanın Kiyevə silah və pilotsuz uçuş aparatlarının tədarükünü artırması ilə bağlı Londona etirazını bildirib. Nazirlik Böyük Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkilinin XİN-ə çağırıldığını açıqlayıb.
Rusiya tərəfi həmçinin xəbərdarlıq edib ki, vəziyyətin daha da pisləşməsinə görə məsuliyyət Londonun üzərinə düşəcək.
Qeyd edək ki, sentyabrın 17-də Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski Böyük Britaniyanın Ukraynaya PUA tədarükünü Moskvanın “müharibədə birbaşa iştirak” kimi qiymətləndirmək hüququ olduğunu bildirib.