Rusiya və Ukrayna genişmiqyaslı hərbi əsir mübadiləsi barədə razılığa gəliblər. Mübadilənin parametrləri yaxın vaxtlarda açıqlanacaq.
APA xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Əbu-Dabidə keçirilən danışıqların yekunları ilə bağlı jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, danışıqlarda Avropanın təhlükəsizlik sistemi əsas müzakirə mövzularından biri olub və bu istiqamətdə müəyyən məsələlər üzrə qarşılıqlı anlaşma əldə edilib.
“Avropada təhlükəsizlik sistemini bütövlükdə müalicə etmək lazımdır, onu sadəcə plastırla düzəltmək mümkün deyil”, – Medinski vurğulayıb.
O qeyd edib ki, dünya heç bir ölkənin maraqlarına zərər vurmayan ədalətli təhlükəsizlik sisteminə ehtiyac duyur.
Medinski Rusiyanın Avropa ilə nəyi müzakirə edəcəyini tam anlamadığını, avropalıların indiyədək heç bir təklif irəli sürmədiklərini deyib. O, həmçinin Əbu-Dabidə avropalılarla heç bir təmasın olmadığını və onların danışıqlardakı statusunun aydın olmadığını bildirib.
Rusiya Prezidentinin köməkçisi ABŞ Prezidenti Donald Trampın nümayəndələrini isə “səmimi və effektiv insanlar” adlandırıb və Moskvanın onlara minnətdar olduğunu qeyd edib.
“Avropalıların ABŞ nümayəndələrindən realizmi və sülhə can atmağı öyrənməsi faydalı olardı”, – Medinski əlavə edib.